Xəbər İcmalı - 08.05.2026

icmal

Saat 14:00 - Xəbər İcmalı

Azərbaycan XİN Rusiyanın dövlət kanalında ölkə xəritəsinin təhrif olunmasını təxribat adlandırıb

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının "1-ci" kanalında nümayiş etdirilən təhrif olunmuş Azərbaycan xəritəsini ciddi təxribat və siyasi manipulyasiya kimi qiymətləndirib. 6 may tarixində yayımlanan "Zaman göstərər" verilişində xəritədə mövcud olmayan qondarma "Dağlıq Qarabağ" ifadəsi əlavə edilib. Nazirlik bu addımı qəbuledilməz hesab edərək kəskin etirazını bildirib.


Hörmüz boğazında ABŞ-İran gərginliyi: tərəflər bir-birini ittiham edir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İran tərəfindən həyata keçirilən hücumların dəf edildiyini və müdafiə məqsədilə cavab tədbirləri görüldüyünü açıqlayıb. İran tərəfi isə bunun tam əksini iddia edərək, ABŞ qüvvələrinin atəşkəs şərtlərini pozaraq İrana məxsus iki neft tankerini hədəfə aldığını elan edib. İranın Xatəm-əl-Ənbiya Mərkəzi Qərargahı hadisənin cümə axşamı gecə saatlarında baş verdiyini bildirib. Hər iki tərəfin fərqli açıqlamaları bölgədə gərginliyin artdığına işarə edir.


Maliyyə Monitorinq Xidməti: şübhəli əməliyyatlar barədə məlumatların gecikdirilməsi ciddi problemdir

Maliyyə Monitorinq Xidmətinin Aparat rəhbiri Rauf Namazov maliyyə institutlarının şübhəli əməliyyatlar barədə məlumatları vaxtında təqdim etməməsini ciddi problem kimi dəyərləndərib. "Maliyyə institutlarında risklərin idarə olunması" adlı tədbirdə çıxış edən Namazov nağd əməliyyatların yüksək payının maliyyə axınlarının şəffaflığına mənfi təsir göstərdiyini vurğulayıb.


Azərbaycan Venesiya İncəsənət Biennalesində təmsil olunur

Mayın 7-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub. "Diqqət" adlı layihə ölkənin mədəni kimliyini və müasir bədii düşüncəsini beynəlxalq səviyyədə təqdim edir. Pavilyon XVI əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir.


Pakistanda avtobus qəzası: 4 nəfər həlak olub

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusu dərəyə yuvarlanaraq 4 nəfərin ölümünə, 26 nəfərin yaralanmasına səbəb olub. Hadisə M-8 magistralının Jhal Magsi bölgəsində baş verib. Xarandan Larkana istiqamətinə gedən avtobusun sürücüsünün sürət qaydalarını pozması qəzanın əsas səbəbi kimi göstərilir.