Saat 23:00 - Xəbər İcmalı
Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Maliyyə naziri Sahil Babayev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki tərəf arasında əməkdaşlığın cari vəziyyəti, mövcud layihələrin icrası və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Paris Prokurorluğu İlon Mask və "X" şirkətinə qarşı araşdırma başladıb. Qərar Maskın aprelin 20-də dindirməyə gəlməməsindən sonra qəbul edilib. Araşdırma eyni zamanda "X"in sabiq baş direktoru Linda Yakkarinoya qarşı da aparılır. Prokurorluq Avropol və Fransa jandarmının kibercinayətkarlıq bölməsini prosesə cəlb edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstində iki dövlətli həllin tərəfdarı olduğunu bəyan edib. Ərdoğan bu mövqeyini Əlcəzair Prezidenti Əbdelmacid Tebbunla keçirdiyi görüşdə ifadə edib. İki lider bölgədə sülh və təhlükəsizliyi təhdid edən zorakılıq sarmalının sona çatdırılması məsələsini də müzakirə ediblər.
Almaniyada keçirilən sorğuya görə, vətəndaşların təxminən 83 faizi Kansler Fridrix Mertsin ilk il ərzindəki fəaliyyətindən narazıdır. "Infratest dimap" tərəfindən ARD telekanalı üçün aparılan sorğunun nəticələri Almaniya hökumətinə etimadın ciddi şəkildə aşağı olduğunu göstərir.
"Real Madrid"in soyunma otağında qalmaqal yaşanıb. Mayın 7-də yarımmüdafiəçilər Federiko Valverde və Aurelien Çouameni arasında mübahisə kütləvi davaya çevrilib. Hadisə uruqvaylı futbolçunun fransalı komanda yoldaşının əlini sıxmaqdan imtina etməsindən sonra baş verib. Mətbuatın məlumatına görə, Çouameni Valverdenin başına yumruq vurub və uruqvaylı oyunçu huşunu itirib.