Saat 8:00 - Xəbər İcmalı
BƏƏ və Səudiyyə Ərəbistanı Yaponiyaya sabit neft tədarükü vəd edib
Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Hörmüz boğazının faktiki blokadasına baxmayaraq Yaponiyaya sabit neft tədarükünü təmin edəcəklərini bəyan ediblər. Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akazava bu barədə Parisdə keçirilən danışıqlar çərçivəsində məlumat verib. Xatırladaq ki, dünən Goldman Sachs dünyada cəmi 101 günlük neft ehtiyatının qaldığı barədə xəbərdarlıq etmişdi, bu da Körfəz regionundakı gərginliyin qlobal enerji bazarlarına təsirini bir daha göstərir.
ABŞ hərbçiləri 25 il sonra yenidən Panamada cəngəllik təliminə başlayıb
ABŞ silahlı qüvvələri 25 illik fasilədən sonra Panamada cəngəllik şəraitində döyüş təlimlərinə yenidən başlayıb. Bloomberg agentliyinin məlumatına görə, təlim proqramına piyada, dənizçi və dəniz piyadaları üçün cəngəllik şəraitində sağ qalma, təxliyə və patrul xidməti daxildir. Bu addım ABŞ-ın regionda hərbi mövcudluğunu gücləndirmək istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.
Azərbaycanda birinci sinifə qəbul prosesi bu gün başlayır
Bu gün - mayın 6-sı saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayır. Valideynlər qəbul prosesini www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək.
Sahibsiz heyvan sığınacaqlarına dair yeni qaydalar qüvvəyə minib
Azərbaycanda sahibsiz heyvan sığınacaqlarına dair yeni baytarlıq-sanitariya norma və qaydaları mayın 4-dən qüvvəyə minib. Yeni tələblərə əsasən, sığınacaqlar fasiləsiz elektrik, isti və soyuq su təchizatı, istilik, kanalizasiya, təbii və ya mexaniki havalandırma sistemləri, həmçinin yanğın təhlükəsizlik avadanlıqları ilə təmin olunmalıdır.
Tramp İmmiqrasiya Mühafizəsinin adının dəyişdirilməsini təklif edib
ABŞ Prezidenti Donald Tramp İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) adının dəyişdirilməsini yenidən gündəmə gətirib. Prezident "Truth Social" platformasında qurumun adının "NICE" - "National Immigration and Customs Enforcement" (Milli İmmiqrasiya və Gömrük Mühafizəsi) olaraq dəyişdirilməsini məsləhət görüb.