Xəbər İcmalı - 06.05.2026

icmal

Saat 21:00 - Xəbər İcmalı

İsrail ordusu İrana qarşı yüksək hazırlıq vəziyyətindədir. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirmişdir ki, ordu İrana qarşı genişmiqyaslı əməliyyatı bərpa etmək üçün tam hazırdır. Zamirin açıqlamasına görə, İsrail artıq İran İslam Respublikası daxilində bir sıra əlavə hədəflər müəyyənləşdirib. Eyni zamanda İsrail ordusu fevralın 28-dən Livanda "Hizbullah" hərəkatının 2 mindən çox yaraqlısını öldürdüyünü rəsmi şəkildə açıqlayıb. Bu rəqəm "Şir nərəsi" əməliyyatının başlanğıcından bu günə qədərki dövrü əhatə edir.


ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın yaxın günlərdə mümkün olduğunu bildirib. Tramp "PBS News"a müsahibəsində razılaşmanın növbəti həftə Çinə edəcəyi səfərə qədər əldə oluna biləcəyini söyləyib. O, ehtimalın yüksək olduğunu qeyd etsə də, bunun dəqiq olmadığını da vurğulayıb. Tramp həmçinin sülh sazişi əldə olunarsa, İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, əsas şərt Yaxın Şərqdə müharibəyə son qoyulmasıdır.


Livanın Baş naziri Nəvaf Salam İsraillə danışıqların əhəmiyyətini vurğulayıb. Salamın fikrincə, söhbət münasibətlərin normallaşmasından deyil, sülhün əldə olunmasından gedir. O, hazırda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş ehtimalının müzakirə olunduğunu açıqlayıb və dövlətin səlahiyyətlərinin bərpasının vacibliyini qeyd edib.


Gürcüstan sərhədində Ermənistandan gətirilən 18 milyon dollarlıq narkotik aşkarlanıb. Gürcüstan Prokurorluğunun açıqlamasına görə, sərhəddə 103 kiloqram metamfetamin müsadirə olunub. Narkotik maddənin dəyəri təxminən 30 milyon lari, yəni 18.6 milyon manat təşkil edir. Daxili İşlər Nazirliyinin apardığı araşdırma nəticəsində saxlanılan şəxsin maddəni Ermənistandan gətirdiyi müəyyən edilib.


Almaniya Xarici İşlər Naziri Johann Vadefeul Avropa Birliyi strukturunda əsaslı dəyişikliklər tələb edib. Konrad-Adenauer Fondunda keçirdiyi məruzədə Vadefeul AB institusiyalarının müasir siyasi reallıqlara uyum sağlamaqda çətinlik çəkdiyini bildirərək, qərar qəbul proseslərinin sürətlənməsi üçün əhəmiyyətli islahatların zəruri olduğunu vurğulayıb.


Bakıda "Heydər Əliyev kuboku-2026" beynəlxalq boks turnirinin yeniyetmə qızlar arasında yarışları başa çatıb. Azərbaycan millisi komanda hesabında birinci yeri tutaraq 17 medal qazanıb. Səkkiz ölkənin iştirak etdiyi turnirdə Azərbaycan yığması ümumi nəticə üzrə lider mövqe tutub.