Saat 14:00 - Xəbər İcmalı
Kanada və Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesini yüksək qiymətləndirib. İrəvanda davam edən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında Azərbaycan və Ermənistan arasında sülh danışıqlarındakı irəliləyiş beynəlxalq arenada geniş dəstək qazanıb. Kanada Baş naziri Mark Karni çıxışında sülh prosesindəki irəliləyişi alqışlayıb və Prezident İlham Əliyevin bu prosesdəki iştirakına xüsusi vurğu edib. Eyni zamanda, Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Cənubi Qafqazda gedən prosesləri "tarixi" əhəmiyyət daşıyan hadisə adlandırıb. Koşta Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasını müsbət qiymətləndirib.
Ağdaşda ağır yol qəzası baş verib - bir nəfər həlak olub. Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu Ləki qəsəbəsi ərazisində bu gün saat 11 radələrində "Mercedes" markalı yük avtomobili ilə "TIR" toqquşub. Qəza nəticəsində "Mercedes"in 36 yaşlı sürücüsü həyatını itirib.
"Bakı Gəmiqayırma Zavodu" Qazaxıstanın "KTZ Express Shipping" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, müasir beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisi inşa ediləcək. Layihə AZCON Holding-in beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişlənməsini nümayiş etdirir.
İspaniya Baş naziri Pedro Sançesin təyyarəsi texniki nasazlıq səbəbindən Ankaraya təcili eniş edib. Sançes İrəvandakı Avropa Siyasi Birliyinin sammitinə gedərkən təyyarəsində texniki problem yaranıb. Bildirilir ki, bu gözlənilməz nasazlıq marşrutun dəyişməsinə səbəb olub.
ABŞ-ın New Jersey ştatında havalimanı yaxınlığında təyyarə ilə yük maşını toqquşub. Hadisə Newark Liberty Beynəlxalq Havalimanının iniş zolağına yaxın ərazidə baş verib. İniş prosedurunu həyata keçirən sərnişin təyyarəsi yolun üstündə hərəkət edən yük maşını ilə toqquşub. Məsul orqanlar hadisə ilə bağlı araşdırma başladıb.