Saat 07:00 - Xəbər İcmalı
İranın ABŞ-yə ötürdüyü 14 bəndlik təklifin detalları açıqlanıb
İranın Pakistan vasitəsilə ABŞ-yə göndərdiyi 14 bəndlik sülh təklifinin bəzi məzmunu məlum olub. Təklifə hərbi təcavüzün edilməyəcəyinə dair zəmanət, ABŞ hərbi qüvvələrinin İranın ətraf ərazilərindən çıxarılması və dəniz mühasirəsinin aradan qaldırılması daxildir. Yarı rəsmi Fars Xəbər Agentliyi sənədi razılaşmaya nail olmaq üçün "aydın yol xəritəsi" kimi təqdim edib. ABŞ prezidenti Donald Tramp isə Truth Social şəbəkəsində İranın təklifini tezliklə nəzərdən keçirəcəyini bildirsə də, təklifin qəbul edilmə ehtimalının az olduğunu vurğulayıb.
Tramp İranın qalan raket potensialını məhv etmək istəyir
ABŞ Prezidenti Donald Tramp İranın raket silahları sahəsində qorunub saxlanılan potensialını ləğv etmək niyyətini açıqlayıb. Tramp Florida ştatının Vest Palm-Biç şəhərində jurnalistlərə "Bəli, mən bunu məhv etmək istərdim" deyərək İranın raket texnologiyaları sahəsindəki imkanlarına qarşı qətiyyətli mövqeyini ortaya qoyub.
Tramp Almaniyadan 5 min hərbçinin çıxarılmasını şərh edib
ABŞ Prezidenti Donald Tramp Almaniya ərazisindəki Amerika hərbi kontingentinin sayının əhəmiyyətli dərəcədə azaldılacağını açıqlayıb. Tramp bu açıqlamanı Vest Palm-Biçdə jurnalistlərlə söhbətində verib. Bu addım ABŞ-Almaniya münasibətlərində gərginliyin artdığı bir dövrdə atılır.
Rezidenturaya qəbul imtahanı bu gün keçirilir
Dövlət İmtahan Mərkəzi bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına 1702 namizəd qatılacaq - onlardan 1308 nəfər Azərbaycan dilində, 394 nəfər isə rus dilində imtahan verəcək.
İordaniya Suriyada silah və narkotik anbarlarına zərbə endirib
İordaniya Hərbi Hava Qüvvələri Suriya-İordaniya sərhədi bölgəsində silah və narkotiklərin saxlanıldığı anbarlara hücum edib. Petra agentliyinin məlumatına görə, əməliyyat krallığın şimal sərhədində qanunsuz silah və narkotik ticarətinin həyata keçirildiyi yerləri hədəf alıb.
"Barselona" La Liqada ardıcıl 10-cu qələbəsini qazanıb
İspaniya La Liqasının XXXIV turunda "Barselona" səfərdə "Osasuna"nı 2:1 hesabı ilə məğlub edib. Robert Levandovski və Ferran Torres qonaqlar adından fərqlənib. Kataloniya klubu bu qələbə ilə ardıcıl 10-cu uğurunu qeyd edib.