Saat 9:00 - Xəbər İcmalı
Tramp ABŞ donanmasını "piratlar"a bənzədib. ABŞ Prezidenti Donald Tramp İran limanlarını blokadaya alan Amerika dəniz qüvvələrinin piratlar kimi hərəkət etdiyini bildirib. Ağ Ev rəhbərinin bu şərhi Amerika qüvvələri tərəfindən yaxın günlərdə bir gəminin ələ keçirilməsi ilə bağlı olub. Tramp eyni zamanda Fransada keçiriləcək G7 sammitində iştirak edə biləcəyini açıqlayıb. Xatırladaq ki, İran-ABŞ gərginliyi fonunda diplomatik danışıqların gələn həftə bərpa olunması ehtimalı hələ də gündəmdədir.
ABŞ Orta Doğuya 8.6 milyard dollarlıq silah satışını təsdiq edib. ABŞ Dövlət Departamenti regiondakı tərəfdaş ölkələrə külli miqdarda silah və sursat tədarükünü rəsmiləşdirib. Bu qərar 40 günlük döyüşlərdən sonra elan edilən atəşkəs müzakirələrinin kritik mərhələsinə təsadüf edir. Vaşinqton administrasiyasının bu addımı regionda hərbi balansın qorunması istiqamətində atılmış növbəti addım kimi dəyərləndirilir.
Üç Afrika ölkəsi Malidə yaraqlılara qarşı birgə əməliyyat keçirib. Mali, Niger və Burkina-Fasonun silahlı qüvvələri Malinin şimalında yaraqlı mövqelərinə kütləvi hava zərbələri endirib. Əməliyyatlar aprelin 25-də Malidə qanunsuz silahlı qruplar tərəfindən həyata keçirilməyə çalışılan çevrilişin ardından baş verib.
Rusiyada fərdi evdə baş verən yanğında yeddi nəfərlik ailə həyatını itirib. Hadisə Xantı-Mansi muxtar dairəsinin Megion şəhərinin Vısoki kəndində qeydə alınıb. Yuqra qubernatoru Ruslan Kuxaruk dörd uşaq da daxil olmaqla ailənin bütün üzvlərinin vəfat etdiyini təsdiq edib.
"Spirit Airlines" aviaşirkəti bağlanma həddinə çatıb. Bloomberg-in məlumatına görə, Amerikanın aşağıbüdcəli aviaşirkəti maliyyə dəstəyi ilə bağlı ABŞ hakimiyyəti ilə razılığa gələ bilməyib və şənbə günü - 2 may səhəri fəaliyyətini dayandıra bilər. Şirkətin vəsaitinin demək olar ki, tamamilə tükəndiyi bildirilir.
Braziliyada güclü yağışlar dörd nəfərin ölümünə səbəb olub. Ölkənin şimal-şərqindəki Pernambuku ştatında daşqınlar və torpaq sürüşmələri nəticəsində onlarla insan yaralanıb, çoxları evlərini tərk etmək məcburiyyətində qalıb. Ən ağır vəziyyət bölgənin paytaxtı Resifi şəhəri və ətraf ərazilərdə müşahidə olunur.