Xəbər İcmalı - 02.05.2026

icmal

Saat 3:00 - Xəbər İcmalı

Ağ Ev İranla müharibənin başa çatdığını rəsmi şəkildə elan edib. ABŞ prezidenti Donald Tramp Konqresə ünvanladığı məktubda İrana qarşı hərbi əməliyyatların tamamlandığını bəyan edib. Rəsmi müraciət həm Nümayəndələr Palatasının spikeri Mayk Consona, həm də Senatın rəhbəri Çak Qrasliyə göndərilib. Bildirişdə qeyd olunur ki, 28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar yekunlaşıb. Bununla yanaşı, Tramp Ağ Evdə jurnalistlərə açıqlama verərək Pentaqonun arsenalının tükənməsi ilə bağlı heç bir narahatçılığın olmadığını bildirib.


CNN: İranın hücumları ABŞ-nin Yaxın Şərqdəki hərbi infrastrukturuna ciddi ziyan vurub. Məlumata görə, İranın zərbələri nəticəsində regiondakı 8 ölkədə ən azı 16 Amerika hərbi obyektinə ziyan dəyib. Zərər alan hərbi qurğular arasında kəşfiyyat təyyarələri, rabitə sistemləri və radar qurğuları var. Bu obyektlər ABŞ-nin regiondakı hərbi infrastrukturunun əsas elementləri hesab olunur.


ABŞ Almaniyadan 5 min hərbçisini geri çəkməyə başlayır. Pentaqonun sözçüsü Şon Parnell bu barədə məlumat verib. Prosesin altı ilə on iki ay ərzində tamamlanması nəzərdə tutulur. Bu qərar Tramp və Almaniyanın Kansleri Fridrix Merz arasında İranla müharibə məsələsində yaşanan fikir ayrılığı fonunda gəlir. Son günlərdə iki ölkənin rəsmi nümayəndələri arasında gərginlik artıb.


Avrozonada inflyasiya 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb. Eurostat-ın məlumatına görə, aprel ayında inflyasiya 3 faizə yüksəlib. Mart ayında bu göstərici 2,6 faiz idi. Artımın əsas səbəbi enerji qiymətlərinin bahalaşması ilə əlaqələndirilir.


Tramp Kubaya qarşı yeni sanksiyalar barədə fərman imzalayıb. Ağ Evin açıqlamasına görə, sanksiyalar potensial olaraq üçüncü ölkələrə də təsir göstərə bilər. Fərmanda bu addımın "Kubadakı repressiyalara görə məsul olan şəxslərə" yönəldiyi vurğulanır.


Meta humanoid robotika sahəsinə girişini gücləndirir. Şirkət Assured Robot Intelligence adlı startapı satın aldığını elan edib. Alış məbləği açıqlanmasa da, Meta rəsmisi TechCrunch-a bildirilib ki, məqsəd robotların insan davranışlarını mürəkkəb və dəyişkən mühitlərdə təkrarlamasını təmin etməkdir. Bu addım şirkətin süni intellekt sahəsindəki ambisiyalarını daha da genişləndirir.