Saat 22:00 - Xəbər İcmalı
Qətərin Baş naziri Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib. Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında bildirib ki, Hörmüz boğazından sövdələşmə vasitəsi kimi istifadə böhranı daha da dərinləşdirəcək. Bu açıqlama İran-ABŞ gərginliyinin fonunda səslənir. Eyni zamanda məlum olub ki, İran müharibəyə son qoymaq məqsədilə öz sülh planını Pakistana təqdim edib. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, indi top ABŞ-nin tərəfindədir.
İsrail ordusu bir gün ərzində Livanın cənubunda Hizbullahın 120 hədəfini məhv edib. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumata görə, son 24 saat ərzində çoxsaylı terror hədəflərinə zərbələr endirilib. Əməliyyatlar Livanın cənub bölgələrində davam edir.
NATO daxilində gərginlik artır. Polşa Başministri Donald Tusk açıqlama yayaraq bildirib ki, Transatlantik ittifaqına qarşı ən böyük təhlükə xarici düşmənlər deyil, ittifaqın daxilindən gələn parçalanmadır. Bu açıqlama NATO üzv ölkələr ilə ABŞ arasındakı münasibətlərin gərginləşdiyi dövrdə səslənib. Paralel olaraq, Almaniya mülki infrastrukturunu müharibəyə hazırlamağa başlayıb. Bloomberg agentliyinin məlumatına görə, Almaniya hökuməti hərbi texnikanın daşınması üçün Baltik dənizi sahilindəki infrastrukturu yenidən qurmağa yönəlmiş addımlar atır.
Spirit Airlines 34 illik fəaliyyətdən sonra bağlanıb. Yanacaq qiymətlərinin artması səbəbilə şirkət bütün uçuşlarını ləğv edib. Şirkətin veb-saytı artıq spiritrestructuring.com səhifəsinə yönləndirilir və sərnişinlərə hava limanına getməmələri barədə məlumat verilir.
WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov Lənkəranda keçirilən tədbird bu barədə jurnalistlərə açıqlama verib. Festival çərçivəsində Lənkəran şəhərində məlumatlandırma tədbirləri həyata keçirilib.