Xəbər İcmalı - 02.05.2026

icmal

Saat 21:00 - Xəbər İcmalı

ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Ağdam və Füzuliyə səfər edib. Səfirlik öz X sosial media hesabında açıqlama yayaraq bildirib ki, bu səfər ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir. Karlon bu həftə ərzində Qarabağın hər iki şəhərini ziyarət edib.


Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıb. Yılmaz "Şərqi və Cənub-Şərqi Anadolu Bölgələrinin Görüşü" adlı tədbirdə çıxış edərək bildirib ki, Türkiyə üçün Cənubi Qafqazda münaqişənin sona çatması və sülh prosesinin müvafiq sazişin imzalanması ilə yekunlaşması çox önəmlidir.


ABŞ Kubada hərbi əməliyyat ehtimalını nəzərdən keçirir. "Politico" qəzeti administrasiya mənbələrinə istinadən xəbər verib ki, Ağ Ev mövcud hökuməti devirmək üçün hərbi əməliyyat imkanını araşdırır, lakin hələlik diplomatik vasitələrə üstünlük verilir. Vaşinqton Havananı iqtisadi islahatlar həyata keçirməyə təşviq edir.


Göygöldə toy məclisində iki qardaş bıçaqlanıb. Hadisə rayon ərazisindəki şadlıq saraylarından birində baş verib. 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqla yaralanıb. Yaralılar dərhal əməliyyat olunub və zəruri tibbi yardım göstərilib.


Milli Hidrometeorologiya Xidməti mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Proqnoza əsasən, bəzi rayonlarda arabir yağıntı gözlənilir, ayrı-ayrı ərazilərdə yağıntı qısamüddətli olaraq güclənə bilər, şimşək çaxması və dolu düşməsi ehtimalı var.


Azərbaycan Özbəkistanda keçirilən VIII "Boysun Bahori" Beynəlxalq Folklor Festivalında təmsil olunub. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi "Gənc Aşıqlar" qrupu festivalda çıxış edib. Tədbirə 20-dən artıq ölkə qatılıb, festival Özbəkistanın Surxandərya vilayətində keçirilib.