Xəbər İcmalı - 02.05.2026

icmal

Saat 10:00 - Xəbər İcmalı

ABŞ beş min hərbçisini Almaniyadan çıxarır. Amerika Birləşmiş Ştatları Almaniyadan təxminən 5 min hərbçisini geri çəkmək qərarına gəlib. Bu addım Avropada hərbi qüvvələrin yerləşdirilməsinin tam yenidən nəzərdən keçirilməsinin nəticəsidir. Qərar Almaniyanın Baş naziri Mersinin ABŞ-nin strateji planlarının olmaması barədə tənqidi çıxışlarından sonra gəlib. Pentaqon rəsmisi bu bəyanatları "qeyri-münasib və faydasız" adlandırıb. Almaniyanın xarici işlər naziri Yohan Vadeful isə bildirib ki, yaxın illərdə ABŞ-nin nüvə çətirini əvəz edəcək mexanizm tapmaq mümkün olmayacaq və Vaşinqton alternativsiz tərəfdaş olaraq qalır.


Diplomatik korpus Şuşaya səfər edib. Azərbaycanda akkreditə olunmuş 62 ölkənin və beynəlxalq təşkilatların diplomatik nümayəndələri Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfər çərçivəsində Şuşada olublar. Diplomatlar Qazançı kilsəsinə baş çəkib, xalça muzeyi ilə tanış olublar. Səfər Azərbaycanın azad edilmiş ərazilərdə çoxkonfessiyalı irsin və mədəni abidələrin qorunması istiqamətində gördüyü işlərin nümayiş etdirilməsinə yönəlib.


Azərbaycan güləşçiləri Avropa çempionatında tarixi uğur qazanıb. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan yığması komanda hesabında birinci yerə yüksəlib. Yunan-Roma, sərbəst və qadın güləşi üzrə idmançılarımız fəxri kürsünün ən yüksək pillələrini tutublar.


FAO Qarabağda yeni layihələr planlaşdırır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı rezident nümayəndəsi Muhammad Nasar Hayat Şuşada jurnalistlərə açıqlama verib. O bildirib ki, bölgəyə hər yeni səfərdən sonra nəzərəçarpan irəliləyiş müşahidə olunur və FAO Qarabağda fəaliyyətini genişləndirməyi planlaşdırır.


Premyer Liqada XXX tur başlayır. Misli Premyer Liqasında XXX tura bu gün start veriləcək. İlk oyun günündə iki matç nəzərdə tutulub. "Kəpəz" 21 xalla onuncu yerdə qərarlaşan Gəncə klubu olaraq 38 xallı "Sumqayıt"ı saat 16:00-da Yevlaxda qəbul edəcək.