Saat 8:00 - Xəbər İcmalı
ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaradır. "The Wall Street Journal"ın məlumatına görə, ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüz boğazından naviqasiya azadlığına zəmanət vermək məqsədi daşıyan yeni beynəlxalq koalisiyanın təşkilini təşviq etməyi tapşırıb. ABŞ hakimiyyəti digər dövlətlərə koalisiyanın tərkibinə daxil olmaq barədə rəsmi təklif göndərib. Bu addım İran limanlarının blokadası fonunda boğazdan keçidin təhlükəsizliyini təmin etmək istiqamətində atılıb.
Tehran Vaşinqtonu növbəti eskalasiyadan çəkinməyə çağırıb. İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi ABŞ-yə güclü xəbərdarlıq edərək bildirib ki, Tehrana qarşı hər hansı yeni hərbi təcavüz Amerika üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Rzayi Amerikanı Fars körfəzi və Oman dənizi sularında "qərq etməklə" hədələyib. Paralel olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsi iddia edib ki, ABŞ blokadanı əslində Çin, Rusiya və Avropanı zəiflətmək məqsədilə başlayıb. SEPAH-a görə, Tramp hökuməti "dünya enerjisini idarəetmə" strategiyası çərçivəsində bu addımı atıb.
SoftBank robotika sahəsində yeni şirkət yaradır. Yapon texnologiya nəhəngi Roze AI adlı yeni biznes layihəsini təşkil etməyi planlaşdırır. Şirkət məlumat mərkəzlərinin tikintisini robotika vasitəsilə avtomatlaşdırmaq məqsədi daşıyır. Texnoloji şirkətlər arasında süni intellekt infrastrukturu yaratmaq uğrunda rəqabətin gücləndiyi bir dövrdə SoftBank bu sahədə üstünlük əldə etməyə çalışır.
Futbol transfer bazarında hərəkətlilik davam edir. İtaliya kubusu "Yuventus" fransalı hücumçu Randal Kolo-Muanini geri qaytarmaq istəyir. "Tuttosport" nəşrinin məlumatına görə, hazırda "Tottenhem"də çıxış edən 27 yaşlı futbolçunun İtaliyaya transferi mümkün hesab olunur. Baş məşqçi Luçano Spalletti hücum xəttində Kolo-Muaninin Duşan Vlahoviçlə birlikdə oynamasını arzu edir.