Xəbər İcmalı - 27.04.2026

icmal

Saat 7:00 - Xəbər İcmalı

İran ABŞ-yə yeni sülh təklifi göndərib. "Axios" portalının mənbələrə istinadən yaydığı məlumata görə, Tehran Amerika blokadası ləğv edilməsi, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası və ardınca nüvə proqramı üzrə danışıqlara keçid təklif edir. İranın bu təklifini Pakistanın vasitəçiliyi ilə ötürdüyü bildirilir. Bu arada, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb ki, dəniz blokadasının başlanğıcından bəri İranla əlaqəli 38 ticarət gəmisi dayandırılıb.


Tramp Vaşinqtondakı atışma ilə bağlı qeyri-müəyyənlik içindədir. ABŞ Prezidenti Donald Tramp CBS News-a müsahibəsində "Washington Hilton" otelindəki şam yeməyində atəş açan şəxsin hədəfinin məhz o olduğuna əmin olmadığını bildirib. Eyni zamanda, "The Washington Post" qəzeti administrasiya mənbələrinə istinadən tədbirində yetərli təhlükəsizlik səviyyəsinin təmin edilmədiyini iddia edib. Qəzetə görə, Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda mühafizədə ciddi çatışmazlıqlar olub.


Çadın şərqində icmalararası toqquşmada 40-dan çox insan həlak olub. Vadi-Fira regionunda iki ailə arasında quyu üstündə yaranan mübahisə silahlı qarşıdurmaya çevrilib. Hökumətin regiondakı nümayəndəsi Brahim İssa Qalmaye ən azı 42 nəfərin öldüyünü təsdiqləyib.


Ukrayna ordusu döyüş meydanında yerüstü robotlardan istifadəni genişləndirir. Ukrayna Silahlı Qüvvələrinin 3-cü Hücum Briqadasında şəxsi heyətin təxminən 30 faizinin pilotsuz yerüstü sistemlərlə əvəz olunduğu bildirilir. Bu addım hərbçilərin təhlükəli tapşırıqlarda üzləşdiyi riskləri azaltmaq məqsədi daşıyır. Ayrıca, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna məsələsində ABŞ ilə təmaslara açıq olduğunu bəyan edib.


Yaponiyada Hörmüz boğazına hərbçi göndərilməsi məsələsi ictimaiyyəti bölüb. "Nikkei" nəşrinin sorğusuna görə, əhalinin 48 faizi Özünümüdafiə Qüvvələrinin bölgəyə göndərilməsini dəstəkləyir, 45 faizi isə bu addıma qarşı çıxır.