Xəbər İcmalı - 26.04.2026

icmal

Saat 7:00 - Xəbər İcmalı

Trampın iştirak etdiyi qəbulda atışma: şübhəli saxlanılıb

ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtondakı "Washington Hilton" otelində keçirilən qəbulunda atışma hadisəsi baş verib. ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Qulyelmi hadisənin əsas maqnitometr yoxlama məntəqəsinin yaxınlığında baş verdiyini bildirib. Atəş açan şəxs saxlanılıb. Tramp "Truth Social" sosial şəbəkəsində açıqlama yayaraq, ABŞ administrasiyasının heç bir rəsmisinin, o cümlədən Birinci xanım Melaniya Tramp, vitse-prezident Cey Di Vens və Nazirlər Kabinetinin üzvlərinin xəsarət almadığını bildirib. Prezident hadisədən sonra oteldən təxliyə edilib və mətbuat konfransı keçirəcəyini elan edib. ABŞ Məxfi Xidməti və Kolumbiya Dairəsi Polisi hadisəni araşdırır.


İran ABŞ-a Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq göndərib

İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı ABŞ-yə Hörmüz boğazındakı dəniz blokadası ilə bağlı ciddi xəbərdarlıq edib. "Xatəm əl-Ənbiya" hava hücumundan müdafiə qüvvələrinin qərargahı tərəfindən edilən açıqlamaya görə, Vaşinqton bölgədə mühasirəni davam etdirərsə, güclü cavab zərbələri ilə üzləşəcək. Bu xəbərdarlıq əvvəlki saatlarda İranın ABŞ-a göndərdiyi mesajların davamıdır.


Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Azərbaycanda bu gün 55 282 şagird ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına qatılacaq. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, imtahanda gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər sağlamlıq məhdudiyyəti olan 79 şagird də iştirak edəcək. Sağlamlıq imkanları məhdud olan şagirdlər üçün xüsusi şərait yaradılıb.


Malinin müdafiə nazirinin iqamətgahına silahlı hücum edilib

Mali müdafiə naziri Sadio Kamaranın iqamətgahına şənbə günü səhər silahlı hücum edilib. Hücum zamanı nazir evdə olmadığından yaralanmayıb. Bomba yerləşdirilmiş avtomobillə həyata keçirilən hücum Bamako ətrafındakı Kati ordu bazası ərazisindəki iqamətgahı hədəf alıb. Binaya böyük ziyan dəyib.