Xəbər İcmalı - 26.04.2026

icmal

Saat 18:00 - Xəbər İcmalı

Suriyada devrik lider Əsəd barəsində qıyabi məhkəmə başlanıb

Suriyənin paytaxtı Şamda devrik rejimin lideri Bəşşar Əsəd və onun qardaşı Mahir Əsəd barəsində qıyabi məhkəmə prosesi başlayıb. Ədliyyə Sarayının Dördüncü Cəza Məhkəməsində keçirilən ilk dinləmə sessiyasında bir sıra yüksək rütbəli hərbi və təhlükəsizlik məmurlarının da adları qeyd olunub.


SEPAH Hörmüz boğazında İsraillə əlaqəli iki gəmini saxlayıb

İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında "MSC Francesca" və "Epaminondas" adlı iki gəmini saxlayıb. İran tərəfinin açıqlamasına görə, gəmilər qaydaları pozaraq boğazdan keçməyə cəhd edib və İsraillə əlaqəli olduğu bildirilib. Bu hadisə regionda gərginliyin artdığı bir dövrdə baş verir.


Çin Ayda iki yeni mineral kəşf edib

Çin alimləri Aydan gətirilən nümunələrdə iki yeni mineralın mövcudluğunu müəyyən ediblər. Kəşf Sichuan vilayətinin paytaxtı Chengdu şəhərində keçirilən 11-ci Çin Kosmik Günü açılış mərasimində elan olunub. Nümunələr "Chang'e-5" zondu tərəfindən toplanıb.


Kral III Çarlzın ABŞ səfəri ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilir

Böyük Britaniya hökuməti Kral III Çarlzın ABŞ-yə səfərindən əvvəl Amerika kəşfiyyat orqanları ilə sıx əməkdaşlıq edir. Baş Nazir Kir Starmerin baş katibi Darren Cons "Sky News"a açıqlamasında monarx və kraliça Kamillanın təhlükəsizlik məsələlərinin Britaniya tərəfi və Bukinqem Sarayı tərəfindən əlaqələndirildiyi barədə məlumat verib.


Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb. Avtomobillərdən birində 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bundan əlavə, Gəncə şəhərinin Avtozavod qəsəbəsində də üç minik avtomobilinin iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.


Premyer Liqa: "Şamaxı" "Kəpəz"i məğlub edib

Misli Premyer Liqasının XXIX turunda "Şamaxı" öz meydanında "Kəpəz"i 2:0 hesabı ilə yenib. Rikardo Apolinario 68-ci, Andrey Tirkoveanu isə 75-ci dəqiqədə fərqləniblər.