Saat 23:00 - Xəbər İcmalı
Azərbaycanlı güləşçi Avropa çempionu olub. Albaniyanın paytaxtı Tiranada davam edən güləş üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi İslam Bazarqanov 57 kiloqram çəki kateqoriyasında qızıl medal qazanaraq Avropa çempionu adını əldə edib. Yarışın altıncı günündə sərbəst güləş yarışlarında ölkəmizin iki güləşçisi fəxri kürsüyə qalxıb.
Tramp: İslamabad görüşünün ləğvi İranla müharibənin yenidən başlaması demək deyil. ABŞ Prezidenti Donald Tramp "Axios" portalına açıqlamasında xüsusi elçisi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin İranla danışıqlar üçün İslamabada planlaşdırılan səfərinin ləğvinin hərbi əməliyyatların başlanması anlamına gəlmədiyini bildirib. Xatırladaq ki, əvvəlki saatlarda İran tərəfi də ABŞ ilə Pakistanda görüşün planlaşdırılmadığını açıqlamışdı.
Macarıstanın Baş naziri Orban deputat mandatından imtina edib. Viktor Orban videomüraciətində "FİDES - Macarıstan Vətəndaş İttifaqı" koalisiyasının lideri olaraq qalmaqla yanaşı, deputat mandatından imtina etdiyini elan edib. Orban mandatın əslində FİDES-in parlament mandatı olduğunu vurğulayıb.
Almaniyada AfD partiyası sorğularda birinci yerə çıxıb. INSA sosioloji institutunun "Bild" qəzetinin sifarişi ilə apardığı araşdırmaya görə, "Almaniya üçün Alternativ" partiyası Kanslər Fridrix Mertsinin Xristian-Demokrat İttifaqını qabaqlayaraq rekord reytingə çatıb. Bu nəticə Almaniya siyasi mənzərəsində ciddi dəyişikliyin göstəricisi hesab olunur.
Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir. Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Astanada keçirilən Regional Ekoloji Sammit çərçivəsində erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qatılıb. Babayev ekstremal hava hadisələrinə qarşı mübarizə tədbirləri barədə məlumat verib.
Tottenham 118 günlük qələbəsizlik seriyasına son qoyub. İngiltərə Premier Liqasında Tottenham Wolves-ə qarşı matçda Joao Palhinhanın son dəqiqədə vurduğu qolla qalib gəlib. Dekabr ayının 28-dən bəri liqada qələbə qazana bilməyən London klubu bu nəticə ilə nəfəs dərib.