Saat 8:00 - Xəbər İcmalı
ABŞ Konqresi Trampdan əvvəl Çinə nümayəndə heyəti göndərir
Respublikaçı senator Stiv Deyns gələn həftə Çinə səfər edəcək ikipartiyalı Konqres nümayəndə heyətinə rəhbərlik edəcək. Beş nəfərdən ibarət nümayəndə heyətinin səfəri mayın 1-də başlayacaq və Şanxay da daxil olmaqla bir neçə şəhəri əhatə edəcək. Səfər Prezident Donald Trampın planlaşdırılan Çin səfərindən əvvəl baş tutacaq.
Tramp Böyük Britaniyanı tariflə hədələyib, Starmer kiber hücumlardan narahatdır
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı xəbərdar edib ki, rəqəmsal xidmətlər vergisindən imtina etməsə, ölkəyə böyük tariflər tətbiq olunacaq. Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, bu vergi Apple, Google və Meta kimi amerikan texnologiya şirkətlərini hədəf alır. Eyni zamanda, Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəyə qarşı artan kiber və proksi hücumlardan narahatlığını ifadə edib. Sky News-un məlumatına görə, Starmer bəzi dövlətlərin proksi-serverlərdən istifadə edərək Böyük Britaniyada hücumlar təşkil etdiyini bildirib.
Küveyt hava məkanını yenidən açıb
Küveyt ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri ilk dəfə hava məkanını açıb. Mülki Aviasiya Administrasiyasının baş direktoru Hamud Mübarək bu barədə məlumat verib. Küveyt Beynəlxalq Hava Limanının hava məkanı 28 fevraldan bəri bölgədəki gərgin vəziyyətə görə müvəqqəti olaraq bağlanmışdı.
Çin Aya uçuşlar üçün yeni kosmik gəmi hazırlayır
Çin Aya pilotlu uçuşlar üçün yeni nəsil kosmik gəmi yaratmaq layihəsini həyata keçirir. Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının Beşinci Tədqiqat İnstitutunun əməkdaşı Şao Limin layihənin gedişatı barədə açıqlamalar edib və yeni nəsil pilotlu kosmik gəminin tezliklə kosmosa göndəriləcəyinə ümid etdiyini bildirib.
Azərbaycanda xaricdə törədilən cinayətlərlə bağlı qanunvericilik dəyişə bilər
Azərbaycan Konstitusiya Məhkəməsi xaricdə törədilməsi ehtimal olunan cinayət işlərinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün Milli Məclisə tövsiyələr verib. Hazırkı Cinayət-Prosessual Məcəlləyə əsasən, xaricdə baş verən cinayətlərlə bağlı işlərin hansı məhkəmədə baxılacağı məsələsində boşluqlar mövcuddur.