Xəbər İcmalı - 24.04.2026

icmal

Saat 13:00 - Xəbər İcmalı

İsrail-Lübnan atəşkəsi 3 həftə uzadıldı, lakin hücumlar davam edir. ABŞ Prezidenti Donald Tramp İsrail və Lübnan arasındakı atəşkəsin müddətini 3 həftə uzadacağını elan edib. Tramp sosial media hesabından paylaşım edərək, Ağ Evdə ABŞ Vitse Prezidenti CD Vans, Xarici İşlər Naziri Marko Rubio və İsrail səfirliyinin iştirakı ilə görüş keçirildiyini bildirib. Lakin elanın ardından İsrail Lübnanın cənubuna hava hücumları həyata keçirib. Baş nazir Benyamin Netanyahu Trampın çağırışlarına baxmayaraq hərbi əməliyyatları davam etdirir.


Füzuli şəhərində körpələr evi-uşaq bağçası açılıb. İşğaldan azad edilərək yenidən qurulan Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı keçirilib. Müəssisə "LukOil" şirkətinin maliyyə dəstəyi ilə inşa olunub. Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov iştirak edib.


ABŞ-nin Corciya ştatında güclü meşə yanğınları davam edir. Son iki gün ərzində yanğınlar nəticəsində 90-a yaxın ev yanaraq kül olub. ABC News-un məlumatına görə, quru və isti hava şəraiti, eləcə də şiddətli küləklər alovun geniş ərazilərə yayılmasına səbəb olur. Yanğınsöndürmə işləri çətinləşməkdə davam edir.


Astanada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ümumi yığıncağı keçirilib. İclasda 2025-ci ilin yekunları və 2026-cı il üçün marşrutun yüklənmə planları müzakirə edilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Nicat Quliyev məlumat verib. Marşrutun rəqəmsallaşdırılması məsələsi də gündəliyə gətirilib.


Çernobıl qəzasının 40-cı ildönümü qeyd olunur. "Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib ki, 1986-cı ildə baş verən fəlakətin ləğvi işlərinə 650 min nəfər cəlb edilib. Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş təxminən 4000 azərbaycanlı həyatını itirib.