Xəbər İcmalı - 23.04.2026

icmal

Saat 12:00 - Xəbər İcmalı

Ağcabədidə Kür çayı bəndi yarıb

Ağcabədi rayonunda Kür çayının Nəcəfqulubəyli kəndi ərazisində Qarqarçayla qovuşduğu yerdə bənd yarılıb. Bir neçə gündür davam edən aramsız yağışlar səbəbindən çayda su səviyyəsi normadan xeyli artıb ki, bu da bəndin yarılmasına səbəb olub. Hadisə ilə bağlı ətraflı məlumat gözlənilir.


Qazaxıstan neft emalı sektoruna 15 milyard dollar investisiya cəlb etməyi planlaşdırır

Qazaxıstan yaxın beş il ərzində neft emalı sektoruna təxminən 15 milyard dollar investisiya cəlb etməyi hədəfləyir. Bunu Bakıda keçirilən Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika üzrə forumda Qazaxıstanın Neft və Qaz Şurasının sədri Asılbek Cakiev açıqlayıb.


İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib

Cənubi Koreyanın İran üzrə xüsusi nümayəndəsi Çon Byon Ha İranın xarici işlər naziri Abbas Əraqçi ilə Tehranda görüşüb. Müzakirələr Hörmüz boğazında Cənubi Koreya gəmiləri və dənizçilərinin təhlükəsizliyi məsələsini əhatə edib. Görüş Yaxın Şərqdə gərginliyin artması və İranın Hörmüz boğazında gəmiləri ələ keçirməsi fonunda baş tutub.


Latviya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri aprelin 23-də başa çatıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda hər iki ölkənin dövlət bayraqları dalğalanıb və ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Azərbaycan çay ixracını artırıb

Bu ilin birinci rübündə Azərbaycan 204,1 ton çay ixrac edib ki, bunun dəyəri 1 milyon 757 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə çay ixracı həcm baxımından 18,2 faiz, dəyər baxımından isə 15 faiz artıb. Eyni zamanda, çay idxalı azalıb.


Ali təhsilə qəbul imtahanı üçün 65 mindən çox abituriyent qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 23 aprel tarixinə 65 min 687 abituriyent qeydiyyatdan keçib. Ən çox qeydiyyat I ixtisas qrupunda - 23 min 782 nəfər müşahidə olunub.