Saat 19:00 - Xəbər İcmalı
Amazon elektrikli yük maşınları üçün İsveç şirkəti ilə sövdələşmə bağlayıb. Dünyanın ən böyük onlayn ticarət şirkəti Amazon, İsveçin Einride startupunu elektrikli ağır yükləmə maşınları təchizatçısı kimi seçib. Sövdələşmə çərçivəsində 75 elektrikli ağır yükləmə maşını Amazon Relay yükləmə şəbəkəsinə əlavə olunacaq. Einride eyni zamanda ABŞ-da beş nöqtədə şarj infrastrukturu da quracaq.
Azərbaycan güləşçisi Nihat Məmmədli Avropa çempionatında bürünc medal uğrunda mübarizəyə çıxacaq. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 60 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşçimiz yarımfinalda ermənistanlı Suren Ağacanyana uduzaraq üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
"Mançester Siti" "Börnli" matçına ciddi itkilərlə çıxacaq. Baş məşqçi Pep Qvardiola mətbuat konfransında açıqlayıb ki, müdafiəçi Ruben Diaş və yarımmüdafiəçi Rodri İngiltərə Premyer Liqasının 34-cü tur oyununda iştirak etməyəcək. Rodri "Arsenal"la son matçda qasıq nahiyəsindən zədə alıb. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İtaliyada 1945-ci ildə faşistlər tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsi anılıb. Azərbaycanın İtaliyadakı səfirliyinin məlumatına görə, anma tədbiri Lombardiya vilayətinin Monte di Nese kəndində keçirilib. 1945-ci ildə həmin ərazidə 120 azərbaycanlı qətlə yetirilmişdi.
Azərbaycandan pambıq ixracı əhəmiyyətli dərəcədə artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-mart aylarında ölkədən 47,7 min ton pambıq ixrac edilib ki, bu da 70 milyon ABŞ dollarından çox dəyərə bərabərdir. Keçən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 22,7 milyon dollar, həcmi isə 17,3 min ton artıb.
Gürcüstanda yeni dövlət naziri vəzifəsi yaradılır. Baş nazir İrakli Kobaxidze brifinqdə bildirib ki, hökumətin strukturuna hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi əlavə olunacaq. Bu vəzifəni Mamuka Mdinaradze tutacaq.