Saat 9:00 - Xəbər İcmalı
İran parlamentinin sədri Trampın açıqlamalarını təkzib edib. Məhəmməd Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumat yaydığını bildirib. Qalibaf X sosial şəbəkəsində yazıb ki, "Amerika Prezidenti bir saat ərzində yeddi bəyanat verib və onların heç biri doğru deyil". Qeyd edək ki, Trampın Hürmüz Boğazını "İran Boğazı" adlandırması da beynəlxalq arenada ciddi reaksiyaya səbəb olub və ekspertlər tərəfindən diplomatik məğlubiyyətin göstəricisi kimi qiymətləndirilir.
Azərbaycan neftinin qiyməti kəskin düşüb. Dünya bazarında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 11,06 ABŞ dolları azalaraq 104,49 dollara enib. Bu, 9,57 faizlik geriləmə deməkdir. Qiymət düşüşü neft bazarında yaşanan ciddi dalğalanmaları əks etdirir.
Azərbaycan və Avropa İttifaqı arasında danışıqlar davam edir. Azərbaycan və Aİ nümayəndə heyətləri 16 aprel tarixində Brüsseldə görüşüb. Danışıqlar yeni ikitərəfli saziş və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılıb. Görüş hər iki tərəfin mövqelərini qarşılıqlı anlamaq və danışıqların gələcək mərhələlərini planlaşdırmaq məqsədi daşıyıb.
"Ford" 1,4 milyon avtomobilini geri çağırır. Amerikan avtomobil istehsalçısı "Ford" transmissiyanın idarəetmə modulunun proqram təminatında aşkarlanan nasazlıq səbəbindən ABŞ-də təxminən 1,4 milyon "F-150" model avtomobilini geri çağırmaq qərarı verib. ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi bu barədə rəsmi məlumat yayıb.
Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib. Neftçala rayonunun Kürqarabucaq kəndində "VAZ 2107" markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində piyada həyatını itirib.