Xəbər İcmalı - 18.04.2026

icmal

Saat 11:00 - Xəbər İcmalı

ABŞ və İran arasında yeni danışıqlar keçiriləcək. ABŞ və İran heyətləri arasında növbəti görüş 20 aprel, bazar günü Pakistanın paytaxtı İslamabadda baş tutacaq. CNN-in İranlı rəsmiyə istinadən yaydığı xəbərə görə, hər iki tərəfin nümayəndələri müzakirələrə hazır olduqlarını bildiriblər. Eyni zamanda, İran bu gündən etibarən ölkənin şərq hissəsinin səmasını beynəlxalq uçuşlar üçün açıq elan edib. İranın Mülki Aviasiya Təşkilatının yaydığı məlumata görə, bu addım hava nəqliyyatının bərpasına yönəlmiş tədbirlərin bir hissəsidir.


Şirvanda narkotik dövriyyəsini təşkil edən 5 nəfər həbs olunub. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Qurbanov, Kamil Hüseynov, Nicat Gözəlov, Əbil Məmmədov və İlkin Həşimov saxlanılıb. Şəxslərdən külli miqdarda narkotik maddə aşkar edilib.


Azərbaycanın cüdoçuları Avropa çempionatına uğurla başlayıb. Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında Zelim Tçkayev 1/16 finalda sloveniyalı Nase Herkoviçi məğlub edərək növbəti tura yüksəlib. Həmçinin Südabə Ağayeva 70 kiloqram çəki dərəcəsində 1/32 finalda İsrailli Maya Goşeni keçərək yarışmaya davam edib.


Yol polisi həftəsonu hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitində yollarda daha diqqətli olmağı tövsiyə edib. Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, həftəsonu paytaxtda və respublikanın müxtəlif rayonlarında küləkli və yağışlı hava gözlənilir. Bundan əlavə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verən yol-nəqliyyat qəzasında avtomobildə sıxılıb qalmış bir nəfər FHN-in xilasediciləri tərəfindən xilas edilib.


FHN sel təhlükəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirib. Fövqəladə Hallar Nazirliyi yaz-yay mövsümündə sel təhlükəsinə qarşı əhalinin məlumatlandırılması işlərini davam etdirir. Nazirliyin regional mərkəzləri sel təhlükəli ərazilərdə vətəndaşlara fövqəladə hallarda necə davranacaqları barədə təlimatlar verib.


Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün müəyyənləşir. Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində keçiriləcək son qarşılaşmalarda saat 13:00-da "Neftçi" ilə "Murov Az Terminal" komandaları meydana çıxacaq. İki matçın nəticəsinə əsasən liqa qalibi və üçüncü yer sahibi bəlli olacaq.