Saat 10:00 - Xəbər İcmalı
NATO baş katibi Mark Rütte ABŞ-nin alyansı tərk etməsi ehtimalına münasibət bildirib. Rütte alman "Welt am Sonntag" qəzetinə müsahibəsində ABŞ-nin Şimali Atlantik Alyansından ayrılacağını güman etmədiyini söyləyib. Baş katib hazırda "daha güclü NATO" quruculuğunun prioritet olduğunu vurğulayıb. Açıqlama ABŞ-nin alyans daxilindəki roluna dair artan narahatlıqlar fonunda səslənib.
Azərbaycan nefti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında 11,06 dollar azalaraq 104,49 dollara enib ki, bu da 9,6 faizlik düşüş deməkdir. Beynəlxalq bazarlarda Brent markalı neftin qiyməti 90,38 dollar, WTI isə 83,85 dollar səviyyəsində qeydə alınıb. Qızılın qiyməti isə unsiya üçün 4 879,60 dollara çatıb.
Kürdəmir dəmiryol stansiyası bu gündən sərnişinlərin istifadəsinə açılıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, yenidən qurulan stansiyada Bakı-Qazax, Bakı-Balakən, Bakı-Ağdam, həmçinin həftəsonu və bayram günləri işləyən bir sıra reyslər dayanacaq. Yenilik regionda nəqliyyat xidmətlərinin əlçatanlığını artırmağa yönəlib və sərnişinlərə təxminən 1 saat vaxt qənaəti təmin edəcək.
Misli Premyer Liqasının 28-ci turunda bu gün iki matç keçiriləcək. İkinci oyun günündə "Karvan-Yevlax" öz meydanında "Şamaxı"nı qəbul edəcək, "Qarabağ" isə "Sabah"la üz-üzə gələcək. "Karvan-Yevlax" - "Şamaxı" görüşü saat 15:30-da Yevlax şəhər stadionunda başlayacaq.
Tbilisidə davam edən cüdo üzrə Avropa çempionatında Azərbaycanın daha dörd idmançısı mübarizəyə qoşulur. Yarışın üçüncü günündə Zelim Tçkayev və Ömər Rəcəbli 81 kiloqram, Murad Fətiyev 90 kiloqram, Südabə Ağayeva isə 70 kiloqram çəki dərəcəsində tatamiyə çıxacaqlar.