Xəbər İcmalı - 17.04.2026

icmal

Saat 13:00 - Xəbər İcmalı

Azərbaycan Prezidenti İlham Əliyev Antalya Diplomasi Forumu çərçivəsində Moldova Prezidenti Maya Sandu ilə görüşüb. Görüş zamanı dövlət başçıları iki ölkə arasında münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Müzakirələrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və əlaqələrin genişləndirilməsi məsələləri gündəmə gəlib.


Antalya Diplomasi Forumunda Azərbaycanın enerji siyasəti diqqət mərkəzində olub. Energetika naziri Pərviz Şahbazov atom enerjisinin gələcəkdə ölkənin enerji balansında mühüm rol oynaya biləcəyini bildirib. Nazir Azərbaycanın enerji strategiyasının bütün enerji resurslarının şaxələndirilməsi zərurətinə əsaslandığını vurğulayıb. Eyni zamanda, Sloveniya ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer qaz təchizatının şaxələndirilməsi baxımından Azərbaycanı mühüm istiqamət kimi nəzərdən keçirdiklərini açıqlayıb.


ABŞ Prezidenti Donald Tramp İranla sazişə çox yaxın olduqlarını iddia edib. Tramp bu həftə sonu birbaşa görüşün mümkün ola biləcəyini bildirib. Eyni zamanda Tramp İsrail-Livan atəşkəsindən sonra Hizbullaha müraciət edərək, təşkilatı bu kritik dövrdə əsilli davranmağa çağırıb. ABŞ Müdafiə Naziri isə İrana nüvə sazişi və ya hərbi müdaxilə seçimi təqdim edib və səhv addım atıldığı halda infrastruktur və enerji təsislərinə zərbə endiriləcəyi barədə xəbərdarlıq edib.


İşğaldan azad edilmiş ərazilərdə bərpa və inkişaf işləri sürətlə davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin işlə təmin edilməsi üçün işəgötürənlərlə birgə fəaliyyət aparır. "Azərbaycan Dəmir Yolları"nın sədr müavini Arif Ağayev gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışının planlaşdırıldığını açıqlayıb. Müdafiə Nazirliyinin rəhbər heyəti isə azad edilmiş ərazilərdə yeni inşa edilən təlim mərkəzi və hərbi hissələrdə olub. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacağını bəyan edib.


Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında iki ölkə arasında ticarət dinamikasının bərpa edilməsi çağırışında bulunub. Overçuk itirilmiş templərin yenidən qazanılması və əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.