Saat 7:00 - Xəbər İcmalı
Livanda atəşkəs bu həftə elan oluna bilər. Financial Times qəzetinin iki mənbəyə istinadən yaydığı məlumata görə, Livanda atəşkəs tezliklə qüvvəyə minə bilər. Xəbərə əsasən, bu addım İsrail qoşunlarının Livanın cənubundakı sərhəd şəhəri Bint-Cbeyil üzərində nəzarəti ələ keçirməsindən sonra baş verə biləcək.
ABŞ Hörmüz boğazında mina əleyhinə əməliyyatlarını genişləndirib. "Politico" qəzetinin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında dəniz minalarını aşkar etmək və zərərsizləşdirmək üçün əməliyyatlarını gücləndirib. Artıq ondan çox Amerika hərbi gəmisi regionda yerləşib və əlavə gəmilər Yaxın Şərqə doğru irəliləyir. Eyni zamanda, ABŞ ordusu İrana qarşı dəniz blokadasını pozmağa cəhd edən 10 gəmini istiqamətləndirib, hələlik heç biri blokadanı keçə bilməyib.
ABŞ nüvə silahı istehsalını kəskin artırıb. ABŞ energetika naziri Kris Rayt Nümayəndələr Palatasının Büdcə Təxsisatı Komitəsinin dinləmələrində bildirin ki, ölkə Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Rayt yeni və inkişaf edən təhdidlər fonunda təhlükəsiz və etibarlı nüvə müdafiəsinin vacibliyini vurğulayıb.
Çempionlar Liqasında "Bayern Münih" - "Real Madrid" matçı tarixə düşdü. Əvvəlki icmalda qeyd olunan matçın təfərrüatları bəlli olub: oyunda cəmi yeddi qol vurulub, Real Madrid cəmi 35 saniyədə mövsümün ən sürətli qolunu qeydə aldırıb, iki futbolçuya qırmızı kart göstərilib. "Bayern" ümumi hesabla 6-4 qalib gələrək yarımfinala yüksəlib. Real Madrid isə bu mövsümü trofeysiz başa vura bilər.
Mərkəzi banklar qızıl ehtiyatlarını azaldır. CNBC telekanalının məlumatına görə, bir sıra ölkələrin mərkəzi bankları son aylarda qızıl ehtiyatlarını fəal şəkildə azaltmağa başlayıblar. Mütəxəssislər bunu Yaxın Şərqdəki müharibənin yaratdığı likvidlik problemləri ilə əlaqələndirirlər - tənzimləyicilər qızıl almaqdan satmağa keçiblər.
Britaniya Baş naziri sosial şəbəkələrə çağırış edib. Böyük Britaniyanın Baş naziri Kir Starmer sosial şəbəkə şirkətlərini uşaqların onlayn təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımağa çağırıb. Açıqlama Meta, Snap, Google, TikTok və X rəhbərləri ilə keçiriləcək görüşdən əvvəl verilib.