Saat 21:00 - Xəbər İcmalı
Küba lideri ABŞ-ın hərbi hücumu ehtimalından xəbərdarlıq edib. Küba Dövlət Başçısı Migel Dias-Kanel ölkəsinə qarşı mümkün Amerika hərbi müdaxiləsinə dair ciddi narahatlıqlarını ifadə edib və Küba xalqını hazırlıqlı olmağa çağırıb. Açıqlama paytaxt Havanada Küba inqilabının "sosialist xarakterinin" elan edilişinin 65-ci ildönümü münasibətilə keçirilən mərasimdə səsləndirilib.
ABŞ-da Şimali Koreya üçün saxta İT işçiləri yerləşdirən iki amerikalı həbs olunub. ABŞ Ədliyyə Departamentinin məlumatına görə, Nyu-Cersi sakinləri Keçia Vanq və Çenzinq Va Şimali Koreya hökumətinin uzaqdan işləyən İT mütəxəssislərini amerikan şirkətlərinə yerləşdirmə sxemində iştirak etdiklərinə görə müvafiq olaraq yeddi buçuq il və doqquz il həbs cəzasına məhkum ediliblər.
"Astara" terminalının 2-3 ay ərzində istifadəyə verilməsi gözlənilir. Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, "Astara" terminalının inşası 92 faiz tamamlanıb. İran və Azərbaycan arasında inşa edilən bu strateji layihə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin vacib hissəsini təşkil edir.
Ermənistan parlamentinin sədri sülh prosesini dəyərləndirib. Alen Simonyan İstanbulda Parlamentlərarası İttifaqın tədbirində çıxış edərək bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi hər iki ölkənin xalqları üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addımdır. Proses ötən il əldə edilmiş Vaşinqton razılaşmalarının fonunda inkişaf etməkdədir.
Dünyanın ən böyük atom elektrik stansiyası kommersiya istismarına verilib. Yaponiyanın "Tokyo Electric Power" (TEPCO) şirkəti "Kasivadzaki-Kariva" atom elektrik stansiyasının kommersiya istismarına başladığını elan edib. Stansiya bir neçə uğursuz cəhd və texniki dayanmadan sonra yenidən fəaliyyətə keçib.
İrlandiyada yanacaq qiymətlərinə qarşı geniş etirazlar başlayıb. Kənd təsərrüfatı podratçıları və yük daşıyıcıları bazar ertəsindən etibarən etiraz aksiyasına start veriblər. Aksiyalar 1920-ci illərdən bəri ölkədə baş verən "bəlkə də ən ciddi üsyan" kimi təsvir edilib. Etirazçılar benzin və dizel yanacağına qoyulan qiymət artımlarına qarşı çıxırlar.