Saat 14:00 - Xəbər İcmalı
Türkiyə Ordusuna yeni nəsil "Fırtına-2" haubitsaları təhvil verilib. Türkiyə Silahlı Qüvvələri yeni nəsil "Fırtına-2" haubitsalarını arsenalına qəbul edib. Milli Müdafiə Nazirliyi bu barədə rəsmi açıqlama yayıb. Haubitsalar yoxlama və qəbul proseduralarını tamamladıqdan sonra xidmətə verilib. Yeni silah sisteminə əlavə olaraq, "Akıncı" hücum pilotsuz uçuş aparatları da ordunun arsenalına daxil edilib.
Çin İrandan Hörmüz Boğazında sərbəst keçişi təmin etməsini istəyib. Çin Xarici İşlər Naziri Vanq Yi ilə İran Xarici İşlər Naziri Abbas Araqdçi arasında telefon danışığı baş tutub. Söhbət zamanı Çin tərəfi Hörmüz Boğazından sərbəst və təhlükəsiz keçişin təmin edilməsinin vacibliyini vurğulayıb. Tərəflər bölgədəki atəşkəs prosesi və Boğazda mövcud vəziyyəti müzakirə ediblər.
Arsenal Arda Güleri transfer etmək istəyir. İngiltərənin Arsenal klubu Real Madridin yarımmüdafiəçisi və Türkiyə milli komandasının üzvü Arda Güler üçün hərəkətə keçib. Məlumata görə, baş məşqçi Mikel Arteta futbolçunu şəxsən komandada görmək istəyir. London klubu artıq bu yay Arda Güler ilə rəsmi müqavilə imzalamağı planlaşdırır.
Azərbaycanda 10 saxta diplom aşkarlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2025-ci ilin ilk üç ayında xaricdə təhsil almış 10 nəfərin diplomunu saxta kimi müəyyən edib. Agentliyə diplomun tanınması üçün ümumilikdə 1305 müraciət daxil olub. Bunlardan 1050 nəfərin diplomu tanınıb, 255 nəfərin müraciətinə isə imtina cavabı verilib.
İranda məktəblər distant təhsilə keçir. İranda 21 apreldən etibarən orta məktəblər distant formada fəaliyyət göstərəcək. Təhsil və Təlim Nazirliyinin sözçüsü Əli Fərhadi bildirib ki, distant təhsil növbəti rəsmi elana qədər davam edəcək. Qərarın səbəbləri barədə ətraflı məlumat verilməyib.
Azərbaycan kamandan oxatma millisi Qubada hazırlıq keçir. Azərbaycanın kamandan oxatma milli komandası aprelin 10-dan 20-nə qədər Qubada Belarus yığması ilə birgə hazırlıq toplanışı keçirir. Azərbaycan Kamandan Oxatma Federasiyasının məlumatına görə, toplanışın əsas məqsədi idmançıların fiziki dözümlülüyünün artırılması və yarışlara hazırlığın gücləndirilməsidir.