Xəbər İcmalı - 16.04.2026

icmal

Saat 11:00 - Xəbər İcmalı

İrpen şəhərinin bərpasında Azərbaycanın rolu genişlənir

Ukraynanın İrpen şəhər merinin birinci müavini Oleksandr Paşinski bu il şəhərdə Azərbaycanın dəstəyi ilə genişmiqyaslı bərpa işlərinin aparılacağını bəyan edib. Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsindən sonra İrpenin sosial infrastrukturunun 80 faizi dağıdılmışdır. Azərbaycan bərpa prosesində əhəmiyyətli tərəfdaş kimi çıxış edir.


ABB bankının xalis mənfəəti rekord həddə çatıb

ABB Maliyyə Qrupu 2025-ci il üzrə 404,491 milyon manat xalis mənfəət əldə edib ki, bu, bankın tarixində ən yüksək göstəricidir. Menecment səhmdarlara 200 milyon manat dividend ödənişi təklif edib. Təklifin Ümumi Yığıncaqda təsdiqlənəcəyi halda səhmdarlar nominal qiymətdən 15,6 faiz dividend gəliri əldə edəcəklər.


Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatı aparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard dollar və ya 21,9 faiz aşağıdır. Ticarət aktivliyindəki düşüş əsasən ixrac göstəricilərindəki azalma ilə bağlıdır.


Bakıda şadlıq sarayının fəaliyyəti dayandırılıb

Dövlət Yanğın Nəzarəti Xidməti Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Səbinə" şadlıq sarayının fəaliyyətini dayandırıb. Yoxlama zamanı obyektdə ciddi yanğın təhlükəsizliyi nöqsanları aşkar edilib. Nöqsanlar aradan qaldırılana qədər sarayın fəaliyyəti qadağan olunub.


Azərbaycanda immunlaşdırma həftəsi keçiriləcək

Aprelin 19-25-də ölkə üzrə "İmmunlaşdırma Həftəsi" keçiriləcək. Səhiyyə naziri Teymur Musayev bu barədə müvafiq əmr imzalayıb. Əmrə əsasən, respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalmış uşaqlar peyvəndlərə cəlb ediləcək.


Azad edilmiş ərazilərdə dini abidələrin bərpası davam edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov işğaldan azad edilmiş ərazilərdə məscidlərin və ziyarətgahların bərpası istiqamətində geniş layihələrin həyata keçirildiyini bildirib. O, Ağdamın Çəmənli kəndi "Cümşüd" məscidi və Xındırıstan kənd məscidində aparılan işlərlə tanış olub. Məmmədov bu bərpa layihələrinin mənəvi yaddaşın dirçəldilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.