Xəbər İcmalı - 15.04.2026

icmal

Saat 7:00 - Xəbər İcmalı

ABŞ İrana nüvə silahından imtina müqabilində qlobal inteqrasiya təklif edir. ABŞ-nin vitse-prezidenti Cey Di Vens Corciya ştatında universitetdə keçirilən forumda çıxış edərək bildirib ki, Vaşinqton İrana nüvə silahının hazırlanmasından qeyd-şərtsiz imtina müqabilində dünya iqtisadiyyatına inteqrasiya şansı təklif edir. Vens vurğulayıb ki, Prezident Tramp kiçik razılaşma ilə kifayətlənmək niyyətində deyil və İrana ikitərəfli iqtisadi münasibətlərin normallaşdırılmasını nəzərdə tutan böyük bir sövdələşmə təklif olunur. Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi aprelin 19-dan sonra İran neftinin satışı üçün qüvvədə olan müvəqqəti icazə müddətini uzatmayacağını elan edib ki, bu da Tehran üzərində təzyiqi daha da artırır.


Avropa Hörmüz boğazında ABŞ-sız əməliyyat planlaşdırır. "The Wall Street Journal"ın məlumatına görə, Avropanın bir neçə ölkəsi Hörmüz boğazında maneəsiz gəmiçiliyi bərpa etmək məqsədilə geniş koalisiya yaratmaq üzərində işləyir. Bu təşəbbüs ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başa çatmasından sonra Vaşinqtonun iştirakı olmadan həyata keçirilməsi nəzərdə tutulur.


ABŞ ordusu Sakit Okeanda narkotik qaçaqmalçılığı gəmisinə zərbə endirib. ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) narkotik vasitələrin daşınması üçün istifadə edilən gəmiyə hücum barədə məlumat yayıb. Komandan Fransis Donovanın əmri ilə həyata keçirilən əməliyyat nəticəsində dörd nəfər həlak olub.


Livan İsraillə danışıqlarda atəşkəs çağırışı edib. Livanın ABŞ-dakı səfiri Nada Həmədə Moavad Vaşinqtondakı səfirlikdən yayımladığı şərhdə İsraillə onilliklər ərzində ilk danışıqları təqdir edib və atəşkəsin elan olunmasına çağırış edib.


Norveç Ukrayna ilə müdafiə əməkdaşlığını genişləndirir. Norveçin Baş naziri Yonas Qar Styore Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra iki tərəfin müdafiə əməkdaşlığı haqqında bəyannamələr imzaladığını açıqlayıb. Bu addım iki ölkə arasında hərbi və təhlükəsizlik sahəsində daha sıx əlaqələri əks etdirir.


Argentinada Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi davam edir. Dieqo Maradonanın ölümü ilə əlaqədar məhkəmə dinləmələri aprelin 14-də San İsidro şəhər məhkəməsində yenidən başlayıb. İclasda prokurorluğun nümayəndələri və təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.