Xəbər İcmalı - 15.04.2026

icmal

Saat 3:00 - Xəbər İcmalı

Tramp İrana qarşı əməliyyatın bitdiyini elan edib. ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın sona çatdığını açıqlayıb. Bu barədə "Fox News" jurnalisti Mariya Bartiromo prezidentlə apardığı müsahibəyə istinadən məlumat verib. Bartiromo söhbətin təfərrüatlarını sosial şəbəkədə paylaşıb. Eyni zamanda, ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, blokadanın ilk 24 saatında İran limanlarına Hörmüz boğazından heç bir gəmi keçməyib. Altı gəmi hazırda ABŞ-ın əmri ilə Oman körfəzində gözləyir. Dünya Bankının prezidenti Adjay Banqa isə aprel ayında neft bazarında vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırıb.


İsrail Livanın Bint-Cbeyl şəhərini mühasirəyə alıb, Hizbullahın üç üzvü əsir götürülüb. İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının komandiri general-mayor Rafi Milo Bint-Cbeyl şəhərinin mühasirəsinin başa çatdığını açıqlayıb. Döyüşlər zamanı Hizbullah qruplaşmasının üç üzvü, o cümlədən "Radvan" xüsusi təyinatlı bölməsinin döyüşçüsü əsir götürülüb. Bundan əlavə, İsrail ordusunun Qaza Zolağında atəşkəsi pozması davam edir - son 48 saatda hücumlar nəticəsində 16 nəfər həlak olub.


BBC araşdırması: Yunan sərhəd qoruyucuları miqrantları "ödənişli əskər" kimi istifadə ediblər. BBC-nin əldə etdiyi sənədlərə görə, Yunanistan polisi ölkəyə daxil olan miqrantlardan istifadə edərək digər miqrantları Türkiyəyə geri göndərmə əməliyyatlarında işləndirilib. Polis daxili yazışmalarında bu şəxslər "ödənişli əskər" adlandırılıb və tapşırıqların yüksək səviyyəli rəsmilər tərəfindən verildyi iddia olunur.


Ukrayna və Norveç müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıb. Ukrayna Prezidenti Volodimir Zelenski və Norveçin Baş naziri Yonas Qar Störe Osloda müdafiə tərəfdaşlığı sənədini imzalayıblar. Störe birgə mətbuat konfransında Norveçin Ukraynanın suverenliyinə dəstəyini bir daha təsdiqləyib.


Aİ-nin Nikosiya sammitinin gündəliyində geosiyasi gərginlik və büdcə məsələləri. Kiprdə keçiriləcək Avropa liderləri görüşünün mərkəzində gərginləşən beynəlxalq vəziyyət və Avropa İttifaqının yeni uzunmüddətli büdcəsinin formalaşdırılması dayanır. Aİ Şurasının prezidenti Antonio Koşta blok üzvlərinə göndərdiyi dəvətnamədə bu məsələlərə xüsusi vurğu edib. ABŞ isə Venesuelaya qarşı bəzi sanksiyaları yumşaldaraq müəyyən şərtlərlə kommersiya müqavilələrinə icazə verib.