Saat 13:00 - Xəbər İcmalı
Türkiyə və Qazaxıstan arasında mühüm iqtisadi saziş imzalanıb. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Qazaxıstan Baş Naziri Oljas Bektenov Astanada görüşərək Birləşmiş İqtisadi Komissiyanın 14-cü dövr toplantısının yekunlarını açıqlayıblar. Tərəflər protokol və 67 maddəlik Fəaliyyət Planını imzalayıblar. Sənəd iki ölkə arasında strateji iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Latviya Prezidenti Edqars Rinkeviçs gələn həftə Azərbaycana səfər edəcək. Səfər aprelin 22-nə planlaşdırılıb. Bu barədə Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze açıqlama verib. Krauze bildirib ki, yüksək səviyyəli səfər ikili münasibətlərin gücləndirilməsinə yönəlib.
Erməni biznesmen Samvel Karapetyan Rusiya vətəndaşlığından imtina edir. Karapetyan Ermənistanda parlament seçkilərində iştirak etmək üçün digər vətəndaşlıqlarından imtina etmək qərarına gəlib. Biznesmen seçkilərdə qələbə qazanacağına əmin olduğunu bəyan edib.
Tramp Böyük Britaniya ilə gərginliyin kral III Karlın səfərinə təsir etməyəcəyini bildirib. ABŞ prezidenti "Sky News" kanalına müsahibəsində aprelin 27-30-da baş tutacaq dövlət səfərinin planlaşdırıldığı kimi keçiriləcəyini deyib. Bu açıqlama iki ölkə arasında "xüsusi münasibətlərin" çətin dövrdən keçdiyi fonunda səslənib.
Azərbaycanda təbii qaz hasilatı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında ölkədə 12,507 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48 milyon kubmetr və ya 0,4 faiz artım deməkdir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor seçkisinin tarixi açıqlanıb. Seçki mayın sonunda keçiriləcək. Mətbuat xidmətinin məlumatına görə, proses "İctimai televiziya və radio yayımı haqqında" qanunun tələblərinə uyğun təşkil ediləcək.