Xəbər İcmalı - 15.04.2026

icmal

Saat 12:00 - Xəbər İcmalı

Tramp: İran ilə münaqişə sona çox yaxındır. ABŞ prezidenti Donald Tramp İran ilə yaşanan münaqişənin bitməyə hazır olduğunu bəyan edib. Tramp Amerika xəbər kanalına verdiyi müsahibədə ABŞ-ın İrana qarşı hərbi əməliyyatları və sülh danışıqları barədə fikirlərini açıqlayıb. Eyni zamanda məlum olub ki, İranın dəniz limanlarının blokadasını təmin etmək üçün 10 mindən çox ABŞ hərbçisi, 10-dan artıq gəmi və onlarla təyyarə cəlb edilib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bu əməliyyatın yük gəmilərinin İranın dəniz limanlarına daxil olmasının qarşısını almaq məqsədi daşıdığını bildirib.


Beynəlxalq Valyuta Fondu Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə iqtisadi proqnozunu açıqlayıb. BVF-nin yeni hesablamalarına görə, 2026-cı ildə regionda real ÜDM artımının 2025-ci ildəki 6,2%-dən 4,8% səviyyəsinə düşəcəyi gözlənilir. 2027-ci ildə isə iqtisadi artım tempinin yenidən sürətlənəcəyi proqnozlaşdırılır.


Narkotiklə mübarizədə geniş əməliyyatlar aparılıb. Hüquq mühafizə orqanları 2026-cı ilin ilk rübündə narkomaniyaya qarşı mübarizə çərçivəsində 2443 cinayət faktı aşkar edib, 75,9 milyon manatlıq qaçaqmal tutulub. Bu dövrdə 13-ü xarici ölkə vətəndaşı olmaqla 1044 nəfər məsuliyyətə cəlb olunub. Qanunsuz dövriyyədən ümumi çəkisi 759 kiloqramdan artıq narkotik vasitə çıxarılıb. Hazırda ölkə üzrə 3 mərkəzdə metadonla əvəzedici müalicə proqramı çərçivəsində 698 xəstə müalicə alır.


"Anglo Asian Mining" Azərbaycanda gümüş hasilatını əhəmiyyətli dərəcədə artırıb. Şirkət 2026-cı ilin birinci rübündə 42 796 unsiya gümüş istehsal edib ki, bu da ötən ilin eyni dövründəki 30 315 unsiya ilə müqayisədə ciddi artım deməkdir.


"Bakı-Xankəndi" velosiped yarışına qatılacaq komandalar müəyyənləşib. Azərbaycan Velosiped İdmanı Federasiyasının məlumatına görə, yarışda iştirakını 25 komanda təsdiqləyib. Turnirdə Azərbaycan millisi ilə yanaşı, Qazaxıstan və digər ölkələrdən komandalar mübarizə aparacaq.