Saat 21:00 - Xəbər İcmalı
Pakistan sahillərində sahil mühafizə katerinə silahlı hücum edilib. Ərəb dənizinin Pakistan sahillərində, İranla sərhəd yaxınlığındakı zonada planlı patrul xidməti həyata keçirən sahil mühafizə katerinə atəş açılıb. Hücum nəticəsində üç əməkdaş həlak olub. Hadisənin təfərrüatları polis və kəşfiyyat mənbələri tərəfindən araşdırılır.
İsrail ordusu tam döyüş hazırlığı vəziyyətinə keçib. İsrail Müdafiə Ordusu İrana qarşı döyüşlərin bərpa olunması ehtimalına görə hazırlıq səviyyəsini artırıb. Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bütün hissə və birləşmələrə əvvəlki konfrontasiyalardakı döyüş protokoluna uyğun hazırlıq tədbiri aparmaq əmri verib. Bu, regiondakı gərginliyin yeni mərhələyə keçdiyini göstərir.
Diplomatik fəallıq davam edir. Misirin Xarici İşlər Naziri Bədr Əbülati ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə telefonla danışıb və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Bundan əlavə, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar misirli həmkarı ilə əlaqə saxlayaraq İslamabadda keçirilən ABŞ-İran danışıqlarının nəticələri və regional inkişaflar barədə məlumat mübadiləsi aparıb.
Azərbaycanlı stolüstü tennisçi Nihad Məmmədov "Ginnesin Rekordlar Kitabı"na düşüb. Seçmə komandamızın üzvü "Şüa İdman Kompleksi"ndə topu uzaq məsafədən oyuna daxil etməkdə dünya rekordunu qırıb. Əvvəlki rekord türkiyəli Osman Gürcüyə məxsus idi - 16.70 metr.
Azərbaycan Premyer Liqasının XXVII turunda "Turan Tovuz" "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib. Tovuz şəhər stadionunda keçirilən bağlanış matçında ev sahibləri üstünlük əldə edib. Qələbə ilə xallarını 52-yə çatdıran "Turan Tovuz" turnir cədvəlində üçüncü mövqeyini möhkəmləndirdi.