Xəbər İcmalı - 11.04.2026

icmal

Saat 13:00 - Xəbər İcmalı

Artemis II astronavtları Aydan uğurla qayıdıb. NASA-nın Artemis II missiyasında iştirak edən dörd astronavt Ay ətrafında tarixi səyahətdən sonra Sakit Okeanına təhlükəsiz eniş edib. Bu, 1972-ci ildən bəri Aya ilk insanlı uçuş missiyasıdır. Astronavtlar heç bir problem yaşamadan geri qayıtmışlar. Missiya bir nəsil üçün ən böyük kosmik səfərlərdən biri hesab olunur.


İsrail "Hizbullah" ilə atəşkəsi müzakirə etməyəcək. İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter "The Times of Israel" nəşrinə açıqlamasında bildirib ki, İsrail Livanın "Hizbullah" hərəkatı ilə atəşkəs danışıqları aparmaq niyyətində deyil. Səfir bunu "Hizbullah"ın İsrailə hücumlarını davam etdirməsi ilə əsaslandırıb. Xatırladaq ki, İsrail ordusunun Livan ərazisinə hücumları nəticəsində indiyədək 1953 nəfər həyatını itirib.


Abşeronda ikiqat qətl törədilib. Abşeron rayonunun Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadın kəsici-deşici alətlə qətlə yetirilib. Hər iki qurban hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.


Tərtərdə 7 yaşlı uşaq boğularaq həyatını itirib. Tərtər şəhərində 2019-cu il təvəllüdlü A.Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşərək boğulub. Faktla bağlı müvafiq araşdırma aparılır.


Azərbaycan və Belarus iqtisadi əməkdaşlığı genişlənir. Gəncə Avtomobil Zavodu ilə Belarus MAZ müəssisəsi arasında yeni saziş imzalanıb. Sazişə əsasən, Gəncə Avtomobil Zavodunda MAZ şassisi əsasında 100 ədəd yeni kommunal texnika yığılacaq. Azərbaycan və Belarus media nümayəndələri Minsk Avtomobil Zavodunu ziyarət edərək istehsal prosesi ilə tanış olublar.


Cəlilabadda genişmiqyaslı narkotik əməliyyatı keçirilib. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş 34 yaşlı Ziya Heydərzadəni saxlayıb. Ondan ümumilikdə 17 kiloqram marixuana, heroin, tiryək və metamfetamin aşkarlanıb.