Xəbər İcmalı - 10.04.2026

icmal

Saat 23:00 - Xəbər İcmalı

ABŞ-İran danışıqları şənbə günü İslamabadda başlayacaq

ABŞ və İran nümayəndə heyətləri arasında görüş aprelin 11-də Pakistanın paytaxtı İslamabadda keçiriləcək. Pakistanın Baş naziri Şahbaz Şərif xalqa müraciətində bildirib ki, ölkəsi danışıqların uğurla nəticələnməsi üçün bütün səylərini səfərbər edəcək. Bu arada, ABŞ Prezidenti Donald Tramp Amerikan mətbuatına açıqlama verərək gəmilərə ən güclü sursat və silahların yükləndiyini bildirib. Tramp razılaşma əldə edilmədiyi təqdirdə bu silahların istifadə olunacağını vurğulayıb.


Livan İsraillə birbaşa danışıqlara hazırdır

Livan Prezidenti Jozef Aun İsrailə birbaşa danışıqlar çağırışı edib. "Reuters" agentliyinin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahunun sülh danışıqları çağırışına cavab verməsindən sonra Livan birbaşa danışıqlara getməkdən başqa yolunun olmadığını qəbul edib. Bu addım iki ölkə arasındakı gərginliyin azaldılması istiqamətində tarixi əhəmiyyət daşıya bilər.


Bakıda karate üzrə "Grand Prix" beynəlxalq turniri start götürüb

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda "Grand Prix" beynəlxalq turnirinin rəsmi açılış mərasimi Sərhədçi İdman Mərkəzində keçirilib. Açılışda Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb.


Göyçayda martın 3-də batan şəxsin meyiti tapılıb

Göyçayda martın 3-də Yuxarı Şirvan kanalında batan 31 yaşlı Abdullayev Ramil Elşad oğlunun meyiti kanalın Bığır kəndi ərazisindən keçən hissəsindən aşkar edilib. Meyit ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.


Türkiyə zəlzələ bölgələrinin bərpasını 2,5 ildə tamamlayıb

Türkiyənin Ticarət Naziri Ömər Bolat Qəhrəmanmaraş mərkəzli zəlzələlərdə 11 vilayəti əhatə edən dağıntıların 2,5 il ərzində aradan qaldırıldığını açıqlayıb. Nazir bunun dünyada nümunə göstərilən böyük uğur olduğunu vurğulayıb.


Bakıda yağış sularının kənarlaşdırılması davam edir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakı və Abşeron ərazisində toplanan yağış sularının kənarlaşdırılması işlərinin davam etdirildiyini bildirib. Qurumun tabeli strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Digah, Buzovna, Sabunçu, Şüvəlan, Məmmədli və Novxanı ərazilərində işlər aparılır.