Saat 17:00 - Xəbər İcmalı
Hörmüz boğazı ətrafında 3 mindən çox gəmi keçid gözləyir. İran, ABŞ və İsrail arasında davam edən gərginlik fonunda Hörmüz boğazı ətrafında təxminən 3200 gəmi təhlükəsiz keçid gözləyir. "Fox News" telekanalının məlumatına görə, bu gəmilərin 800-ü tanker və quru yük gəmiləridir, keçidi gözləyən dənizçilərin sayı isə 20 minə yaxındır. "Kpler" və "Lloyd's List Intelligence" analitik platformalarının məlumatlarına görə, son sutka ərzində boğazdan keçən gəmilərin əksəriyyəti İranla bağlı olub. Tehran və Vaşinqton arasında iki həftəlik atəşkəsə nail olunmasına baxmayaraq, digər gəmilər öz reyslərinə hələ də başlamamağa üstünlük verir.
Avropa İttifaqının yeni rəqəmsal sərhəd sistemi tam tətbiqə keçib. Schengen Zonasına girişdə pasaport yoxlanışı ilə yanaşı barmaq izi və fotoşəkilin də alınmasını tələb edən yeni EES sistemi 10 aprel tarixindən 29 ölkənin hamısında fəaliyyətə başlayıb. Yeni qaydalar Türkiyə vətəndaşları da daxil olmaqla Schengen zonasına daxil olan bütün üçüncü ölkə vətəndaşlarını əhatə edir.
Beynəlxalq axtarışda olan cinayətkar BƏƏ-dən Azərbaycana ekstradisiya edilib. İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş şəxs aprelin 10-da Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə ölkəyə gətirilmişdir. Söhbət 2013-cü ildə törədilmiş qətl hadisəsinin şübhəlisindən gedir.
Vladiqafqazda pirotexnika anbarında güclü partlayış baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində iki nəfər həlak olub, 14 nəfər - o cümlədən iki uşaq - yaralanıb. Xilasedicilərin ərazidəki əməliyyatları davam edir.
Bitcoin bahalaşıb - ABŞ-da inflyasiya göstəriciləri gözləniləndən aşağı olub. Mart ayında əsas istehlak qiymətləri indeksi (CPI) proqnozdan az - cəmi 0,2% artıb. Bu göstərici bazarlar üçün müsbət siqnal kimi qiymətləndirilib və kriptovalyuta bazarında canlanmaya səbəb olub. Eyni zamanda, dünyanın ən böyük kriptovalyuta birjası Binance Yaxın Şərqdəki gərginlik fonunda BƏƏ-dəki əməkdaşlarına müvəqqəti olaraq başqa ölkələrə köçmə imkanı təklif edib.
FHN intensiv yağışların fəsadlarını aradan qaldırır. Fövqəladə Hallar Nazirliyinin qüvvələri ötən gecə və gün ərzində Bakının bir neçə rayonunda və digər bölgələrdə yağışların yaratdığı problemlərin həlli istiqamətində fasiləsiz işləyib. Müvafiq təhlükəsizlik tədbirləri davam etdirilir.