Xəbər İcmalı - 09.04.2026

icmal

Saat 7:00 - Xəbər İcmalı

Hizbullah atəşkəsdən sonra ilk dəfə İsrailə cavab zərbələri endirib. Livan İslam Müqaviməti İsrailin davam edən hücumlarına qarşılıq olaraq hərəkətə keçdiyini bəyan edib. Hizbullah yayımladığı bəyanatda atəşkəsə sadiq qaldığını vurğulayıb, lakin İsrailin razılaşmanı pozmasına cavab olaraq Livanı və xalqını müdafiə etmək məqsədilə addım atdığını bildirib. Livan hökuməti isə İsrailin genişmiqyaslı hücumları nəticəsində həlak olanların xatirəsinə aprelin 9-nu ümummilli matəm günü elan edib. Baş nazir Nəvaf Salam müvafiq qərar imzalayıb.


BBC-nin müxbiri Ceremi Bouen atəşkəsin davamlılığına şübhə ilə yanaşır. Boun yazır ki, atəşkəs mülki əhali üçün müvəqqəti nəfəs alma imkanı yaratsa da, uzunmüddətli olmaya bilər. Müxbir diqqəti Trampın cəmi bir gün ərzində İranın sivilizasiyasının "bu gecə məhv olacağını" söyləməkdən Pakistanda təqdim olunan on maddəlik planın danışıqlar üçün "tətbiq edilə bilən" əsas olduğunu elan etməsinə yönəldib. Pakistanın ABŞ-dakı səfiri Rizvan Səid Şeyx isə CNN-ə açıqlamasında təsdiqləyib ki, Livan razılaşma mətnində açıq şəkildə qeyd olunub - bu, Netanyahunun Livanın atəşkəsə daxil olmadığı barədə əvvəlki bəyanatına ziddir.


Tramp NATO ilə ziddiyyətləri yenidən gündəmə gətirib. ABŞ Prezidenti NATO Baş katibi Mark Rütte ilə qapalı görüş keçirdikdən sonra "Truth Social" platformasında alyansı tənqid edən bəyanat yayımlayıb. Tramp bildirib ki, "NATO bizə lazım olanda köməyə gəlmədi". Danışıqlar Qrenlandiyanın statusu məsələsi və ABŞ-nin NATO-dan çıxma ehtimalı fonunda baş tutub. Görüşdə həmçinin Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpası müzakirə edilib.


ABŞ Macarıstan Baş naziri Viktor Orbana açıq dəstək nümayiş etdirib. Vitse-prezident CD Vens bazar günü seçkilərin keçiriləcəyi Macarıstana səfər edərək Budapeştdə Orbanla görüşüb. Vens mətbuat nümayəndələrinin qarşısında Trampla telefon danışığı aparıb və Orbana dəstəyini açıq şəkildə ifadə edərək "seçilməsi üçün hər şeyi edəcəyik" mesajı verib.


Rusiya atəşkəsin Ukrayna danışıqlarına təsirini qiymətləndirib. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik "İzvestiya"ya açıqlamasında bildirib ki, Ukrayna üzrə üçtərəfli danışıqların gedişi böyük ölçüdə Ağ Evin İranla dialoq üçün kimi nümayəndə təyin edəcəyindən asılı olacaq.


Meksikada "məhv ferması"ndan sağ qalanlar dəhşətli təfərrüatları açıqlayıb. Rancho Izaguirre adlı ferma barədə məlumat ilk dəfə Meksikanın qərbində itkin düşən gənclərin ailələrinin Facebook-da canlı yayını vasitəsilə yayılıb. Kütləvi məzar olduğuna dair xəbərlərdən sonra yaxınlarını axtaran ailələr fermaya gedib. Sağ qalanlar bildiriblər ki, kartel tərəfindən saxlanılan insanlar "ya səni öldürərlər, ya da sən özünü öldürərsən" seçimi ilə üzləşiblər.