Xəbər İcmalı - 09.04.2026

icmal

Saat 3:00 - Xəbər İcmalı

Livanda atəşkəsdən sonra ölənlərin sayı kəskin artıb. ABŞ və İran arasında atəşkəs əldə edildikdən sonra İsrailin hücumları nəticəsində Livanda həlak olanların sayı 254-ə çatıb, 1 165 nəfər isə yaralanıb. Mülki Müdafiə İdarəsinin məlumatına görə, əvvəlki rəqəmlərlə müqayisədə ölənlərin sayı iki dəfədən çox artıb. İsrail ordusunun Livan paytaxtı Beyrutu bir daha bombaladığı da bildirilir.


Vens: Hörmüz boğazı açılmasa, atəşkəsə əməl etməyəcəyik. ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştdən yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verərək bildirib ki, Tehran Hörmüz boğazını açmasa, Vaşinqton atəşkəs şərtlərinə riayət etmək niyyətində deyil. Bununla belə, Vensin sözlərinə görə, boğazın açılmasına dair müəyyən əlamətlər mövcuddur.


İran parlamenti: Razılaşma planının üç bəndi artıq pozulub. İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsində yazıb ki, ABŞ-la gələcək sülh sazişi çərçivəsində əsas götürülən İran planının 10 bəndindən 3-ü artıq pozulub. Qalibaf əsas pozuntular arasında ABŞ və İsrailin Livanda atəşkəsə riayət etməməsini göstərib. Eyni zamanda, ABŞ rəsmiləri Livanın atəşkəs razılaşmasına daxil edilməsi ehtimalını nəzərdən keçirdiklərini açıqlayıb.


BVF, Dünya Bankı və ÜƏP müharibənin iqtisadi nəticələrindən xəbərdarlıq edib. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı Qrupu və Ümumdünya Ərzaq Proqramının rəhbərləri arasında keçirilən görüşün yekunlarına dair bəyanatda Yaxın Şərqdəki müharibənin regionda və ondan kənarda ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olacağı vurğulanıb.


ABŞ-da keçmiş xüsusi əməliyyatlar əməkdaşı həbs edilib. Federal Təhlükəsizlik Bürosu Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığının sabiq əməkdaşını məxfi məlumatları mediaya sızdırmaq şübhəsi ilə saxlayıb. FTB rəhbəri Kaş Patel bu barədə sosial şəbəkədə məlumat yayıb.


Çempionlar Liqasında sürprizlər. UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında gözlənilməz nəticələr qeydə alınıb. "Atletiko" səfərdə "Barselona"nı məğlub edib, "Liverpul" isə Parisdə PSJ-yə uduzub.