Saat 16:00 - Xəbər İcmalı
İranda hərbi əməliyyatlar nəticəsində 3 mindən çox insan həlak olub. ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatı başlayandan bəri ölkədə 3 mindən çox insanın öldüyü təsdiqlənib. Bu barədə İranın Məhkəmə Tibb Təşkilatının rəhbəri Abbas Məscidi Arani "Mizan" agentliyinə açıqlama verib. O bildirib ki, həlak olanların demək olar ki, hamısının meyitləri ailələrinə təhvil verilib.
Atəşkəs məsələsi İran daxilində ciddi fikir ayrılığına səbəb olub. Tehranın bələdiyyəsini idarə edən sərt xətt tərəfdarları paytaxtın ən işlək yolayrıcılarından birinə "Hörmüz boğazı bağlı qalacaq" yazılmış nəhəng plakat asıblar. Məlumata görə, ötən ay lider təyin edilməsindən bəri İranın yeni dini lideri ictimaiyyət qarşısında görünməyib. Bu vəziyyət ölkə daxilində siyasi gərginliyin artdığını göstərir.
Prezident İlham Əliyev Yaşar Əməşova general-mayor rütbəsi verib. Əməşov Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsindən azad edilərək Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin olunub. 50 yaşlı Əməşov 1993-cü ildən dövlət xidmətində çalışır.
Daxili işlər naziri Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ilə görüşüb. Çiftçi rəhbərlik etdiyi nümayəndə heyəti ilə Eyvazovun dəvəti ilə Azərbaycana səfərə gəlib. Aprelin 9-da nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ziyarət edib.
Bakıda intensiv yağışların fəsadları aradan qaldırılır. Fövqəladə Hallar Nazirliyi gecə-gündüz fasiləsiz işləyib. Hazırda Bakının Xəzər, Nizami, Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında suçəkmə və təhlükəsizlik tədbirləri davam etdirilir.
ABŞ-nin Arizona ştatında təyyarə qəzası baş verib. Marana şəhərində eniş zamanı uçuş-eniş zolağından çıxan təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub. Hadisədən sonra aeroport ərazisində kiçik yanğın meydana gəlib.