Saat 15:00 - Xəbər İcmalı
İsrail Baş naziri Binyamin Netanyahu Livana yönəlmiş hücumların davam edəcəyini bəyan edib. Netanyahu sosial media hesabından etdiyi açıqlamada bildirib ki, İsrail harda olurlarsa olsun Hizbullaha zərbələr endirməyə davam edəcək. O, bu bəyanatı İsrail Müdafiə Qüvvələrinin (IDF) Hizbullah lideri Nəim Qasimin katibi və qardaşı oğlu Əli Yusif Hərşini Beyruta təşkil edilən hücum zamanı öldürməsi xəbərinə münasibət olaraq verib. Xatırladaq ki, dünən Livanda İsrailin hava hücumları nəticəsində 89 nəfər həlak olub, 722 nəfər yaralanıb.
Milli Məclisdə Azərbaycan, Türkiyə və Şimali Kiprin parlamentlərinin işçi qruplarının birgə görüşü keçirilib. Görüşdə çıxış edən Şimali Kipr parlamentinin sədri Ziya Öztürklər bildirib ki, Şimali Kipr bütün türk dünyası üçün Şərqi Aralıq dənizinə açılan qapı, eyni zamanda sülh və sabitlik elementidir. Görüşdə hər üç ölkənin parlament üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nazirlər Kabineti dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı yeni qaydanı təsdiq edib. Yeni qaydaya əsasən, Ədliyyə Nazirliyində dövlət icra məmurlarının seçimi üçün müsabiqə test imtahanı və söhbət mərhələsindən ibarət olacaq. Bu, sahəyə kadr qəbulunun daha şəffaf və nizamlı şəkildə aparılmasına yönəlib.
Ədliyyə Nazirliyi mart ayında uşaqlara ən çox qoyulan adları açıqlayıb. Oğlan uşaqları arasında ən populyar ad Uğur olub - 99 uşaq bu adla qeydiyyata alınıb. Qızlar arasında isə birinci yeri 83 uşaqla Melisa adı tutub.
Google-un YouTube Shorts platforması istifadəçilərə süni intellekt vasitəsilə özlərinin real görünüşlü klonlarını yaratmağa imkan verən yeni funksiya təqdim edir. Bu xüsusiyyət hazırda istifadəçilərə mərhələli şəkildə açılır. Texnologiya deepfake yaradılmasını asanlaşdırdığı üçün mütəxəssislər arasında müzakirələrə səbəb olub.
"PAŞA Sığorta" 2025-ci il üzrə maliyyə hesabatlarını təqdim edib. Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan "PAŞA Sığorta" maliyyə sabitliyini qoruyaraq əsas göstəricilər üzrə artım tendensiyasını davam etdirib.