Xəbər İcmalı - 08.04.2026

icmal

Saat 7:00 - Xəbər İcmalı

ABŞ-İran atəşkəsi: Pakistanın vasitəçiliyi nəticə verdi

Pakistanın Baş naziri Şahbaz Şərif İran ilə ABŞ və onların müttəfiqlərinin atəşkəs barədə razılığa gəldiyini elan edib. Şərifin məlumatına görə, razılaşma Livan və digər ərazilərə də şamil olunur. Pakistanın vasitəçiliyi ilə aparılan diplomatik danışıqlar nəticəsində İran iki həftəlik atəşkəs təklifini qəbul edib və Hörmüz boğazını yenidən gəmi hərəkətinə açmaq barədə qərar verib. Tramp da Pakistan Baş nazirinin atəşkəs çağırışını şərtli olaraq qəbul edib. Bundan əlavə, İsrail də iki həftəlik atəşkəs barədə razılığa gəlib və hər iki tərəf atəşkəs şərtlərini qəbul edib.


İran zəfər elan etdi, ABŞ-nin qəbul etdiyi şərtləri açıqladı

İranın Ali Milli Təhlükəsizlik Şurası atəşkəsi qəbul etdiyini açıqlayaraq, bunu tam zəfər kimi dəyərləndirdi. Şuranın bəyanatında ABŞ-nin İranın 10 maddəlik planını qəbul etməyə məcbur qaldığı iddia edilir. Bəyanatda "Düşmən İran xalqına qarşı apardığı müharibədə sarsıdıcı məğlubiyyətə uğrayıb" ifadələri yer alıb. İranın xarici işlər naziri Abbas Əraqçi isə İslam Respublikası adından Pakistanın Baş naziri Şahbaz Şərifə və feldmarşal Asim Munirə vasitəçilik səylərinə görə təşəkkür edib.


Sülh danışıqlarının ilk raundu aprelin 10-da İslamabadda keçiriləcək

"Axios" portalının mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ və İran arasında sülh danışıqlarının ilk mərhələsi cümə günü İslamabadda keçiriləcək. Bu, tərəflər arasında birbaşa danışıqların başlanğıcı olacaq.


Atəşkəs neft bazarlarına təsir etdi

Atəşkəs xəbərindən sonra dünya neft qiymətləri kəskin şəkildə aşağı düşüb. Razılaşmanın əsas şərti olan Hörmüz boğazının gəmi hərəkətinə açılması neft bazarlarında gərginliyi azaldıb. Hörmüz boğazı dünya neft ticarətinin böyük hissəsinin keçdiyi strateji su yoludur.


Şimali Koreya ballistik raket sınağı keçirib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket atıb. "Yonhap" agentliyinin məlumatına görə, raketlər yerli vaxtla səhər saat 08:50 radələrində Vonsan ərazisindən buraxılıb. Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri dördüncü raket sınağıdır.