Saat 13:00 - Xəbər İcmalı
İran müharibəni bitirmək üçün irəli sürdüyü 10 şərti açıqlayıb. İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayaraq ABŞ-a təqdim etdiyi 10 maddəlik təklifi ictimaiyyətə açıqlayıb. Təkliflər İrana qarşı hücumların tam dayandırılmasını nəzərdə tutur. Bəyanatda qeyd olunub ki, sözügedən şərtlər ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul edilib. Eyni zamanda, İsrail Hərbi Hava Qüvvələri bu gün saat 03:00-dan etibarən İrana heç bir zərbə endirilmədiyini rəsmən təsdiq edib. Atəşkəs razılaşmasına qədər gecə ərzində İranda genişmiqyaslı zərbələrin endirildiyini bildirən IDF, hazırda əməliyyatların dayandırıldığını elan edib.
Atəşkəsin elan edilməsindən sonra İranda bayram əhval-ruhiyyəsi yaranıb. İran xalqı küçələrə axışaraq atəşkəsi sevinclə qarşılayıb. İran mətbuatı isə hadisəni fərqli rakursdan işıqlandırır - yerli qəzetlərin manşetində "Qumarbaz Tramp məğlub oldu" başlığı diqqət çəkib. Beynəlxalq arenada isə Almaniya Baş naziri Fridrix Merts ABŞ ilə İran arasında əldə edilən 2 həftəlik atəşkəsi məmnuniyyətlə qarşıladığını bildirib. Merts vasitəçilik missiyasına görə Pakistana təşəkkür edərək, razılaşmanın daimi sülhə çevrilməsinin vacibliyini vurğulayıb.
Çinin vasitəçiliyi ilə Əfqanıstan və Pakistan arasında danışıqlarda irəliləyiş əldə olunub. Çinin Urumçi şəhərində keçirilən sülh danışıqları zamanı hər iki tərəf münaqişənin hərtərəfli həllini araşdırmaq barədə razılığa gəlib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq mətbuat brifınqində məlumat verib.
Azərbaycanda Taleh Bağırzadənin oğlu 17 yaşlı qıza fiziki xəsarət yetirib. Mühammədhəsən Bağırzadə Xəzər rayonunda voleybol oyunu zamanı yaranan münaqişə nəticəsində Buzovna qəsəbə sakini olan 17 yaşlı qıza yumruqla zərbə vurub və onun burnunu sındırıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin dəmir yolu sektorunda genişmiqyaslı modernizasiya planını açıqlayıb. Hökumətin iclasında çıxış edən Kobaxidze bildirib ki, planlaşdırılan islahatlar nəticəsində Gürcüstan dəmir yollarının ötürücülük qabiliyyəti iki dəfə artırılacaq. Bu addım həm yük, həm də sərnişin daşımalarının səmərəliliyini yüksəltməyə yönəlib. Eyni zamanda, Çin "Uzun Yürüş-8" daşıyıcı raketi vasitəsilə 18 internet peykini uğurla orbitə göndərib. Raket Haynan Kommersiya Kosmik Buraxılış Mərkəzindən havaya qaldırılıb və bu, Çinin kosmik internet infrastrukturunu genişləndirmək istiqamətində növbəti addımı olub.