Saat 7:00 - Xəbər İcmalı
ABŞ Silahlı Qüvvələri İranın 155-dən çox gəmisini məhv etdiyini və ya zərər vurdugunu açıqlayıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İrana qarşı hərbi əməliyyatların başlanğıcından bəri İslam Respublikasının 155-dən çox gəmisinə zərbə endirilib. Məlumata görə, 6 aprelə qədər bu gəmilər ya məhv edilib, ya da ciddi ziyan alıb. Bu rəqəm İranın dəniz qüvvələrinə qarşı əməliyyatların miqyasını ortaya qoyur.
İrandan atılan raketlərin qalıqları Səudiyyə Ərəbistanında enerji infrastrukturuna ziyan vurub. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi açıqlayıb ki, ballistik raket qalıqları ölkənin Şərq əyalətindəki enerji obyektlərinin yaxınlığına düşüb. Hazırda vurulmuş ziyanın qiymətləndirilməsi davam edir. Bu hadisə münaqişənin regionun enerji təchizatına birbaşa təsir göstərdiyini nümayiş etdirir.
Tramp İrana xəbərdarlıq edib: "Razılaşma olmazsa, bir gecədə məhv edərik". ABŞ Prezidenti Donald Tramp İranı sərt şəkildə hədələyərək, Tehran üçün müəyyən edilmiş son tarixədək razılaşma əldə olunmadığı təqdirdə ölkəni "bir gecədə məhv edəcəyini" bildirib. Tramp eyni zamanda İrandan qlobal enerji təchizatı üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazını yenidən açmağı tələb edir. Digər tərəfdən, ABŞ SEPAH-ın "USS Tripoli" desant gəmisinə hücum barədə xəbərini təkzib edib.
Britaniya Hörmüz boğazında təhlükəsizliyin təminatı üçün 40 ölkədən hərbi ekspertlərlə görüş keçirəcək. "Financial Times" qəzetinin məlumatına görə, Böyük Britaniya 7 apreldə videokonfrans vasitəsilə Hörmüz boğazında hərbi əməliyyatların bitməsindən sonra regionda təhlükəsizliyin necə təmin olunacağını müzakirə edəcək. Eyni zamanda, "The i Paper" nəşri xəbər verir ki, mülki infrastrukturlara endiriləm zərbələr Britaniya hərbi bazalarının istifadə şərtlərini poza bilər və bu, Baş nazir Kir Starmerin müəyyən etdiyi çərçivəyə uyğun gəlmir.
NASA-nın Artemis II missiyasında yeni rekord qırılıb. 1972-ci ildən bəri Ayın ətrafına ilk insanlı səyahət olan bu missiyada 4 astronavt Yerdən təxminən 406 min 765 kilometr uzaqlaşaraq bəşəriyyət tarixində ən uzaq məsafə rekordunu yeniləyib. Əvvəlki rekord 1970-ci ildə Apollo 13 missiyası zamanı qeydə alınmışdı. NASA bu nailiyyəti "bəşəriyyət tarixi üçün yeni dönüş nöqtəsi" adlandırıb.