Saat 09:00 - Xəbər İcmalı
Odessaya gecə hücumu: biri uşaq olmaqla üç nəfər həlak olub. Ukraynанын Odessa şəhərinə gecə saatlarında edilən hücum nəticəsində üç nəfər həyatını itirib, onlardan biri uşaqdır. Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak "Telegram" kanalında bildirib ki, hücum zamanı daha 10 nəfər xəsarət alıb, iki yaralının vəziyyəti ağırdır.
Dağıstanın Dərbənd rayonunda su bəndi yarılıb, 350-dən çox sakin təxliyə edilib. Rayon administrasiyasının məlumatına görə, təxliyə olunanların əhəmiyyətli hissəsi qohumlarının yanında yerləşdirilib, qalanları isə müvəqqəti məntəqələrə göndərilib.
Azərbaycanda benefisiar mülkiyyətçi məlumatının təqdim edilməsi artıq məcburidir. Dövlət Vergi Xidmətinin baş dövlət vergi müfəttişi Anar Cabbarov Bakıda açıqlayıb ki, "benefisiar mülkiyyətçi" anlayışı qanunvericiliyə daxil edilib və bu sahədə yeni tələblər müəyyən olunub.
Bitcoin bazarında narahatlıq artır. Bloomberg-in baş əmtəə strateqi Mayk MakQloun xəbərdarlıq edib ki, Bitcoin 75.000 dollar səviyyəsini yenidən ələ keçirmədikcə, kriptovalyutanın qiyməti 10.000 dollara qədər düşə bilər.
Yunanıstanın Epirus əyalətində 4,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 06:20-də İoannina şəhərindən 14 km şimal-qərbdə, yerin 5,97 km dərinliyində qeydə alınıb. Bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi məlumat yayıb.
Bakıda 19 istiqamətdə nəqliyyat sıxlığı müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, həftənin ilk günü paytaxtın mərkəzi küçələri və əsas magistral yollarında, o cümlədən Bakı-Sumqayıt şosesində ciddi tıxac yaranıb. "Azərbaycan Dəmir Yolları" isə bildirib ki, qeyri-sabit hava şəraitinə baxmayaraq qatarların hərəkəti qrafik üzrə davam edir, lakin bəzi sahələrdə təhlükəsizlik məqsədilə sürət həddi endirilib.