Saat 03:00 - Xəbər İcmalı
İran ABŞ-nin atəşkəs təklifini rədd edib. "The Wall Street Journal" qəzetinin vasitəçilərə istinadən yaydığı məlumata görə, İran Hörmüz boğazının açılması müqabilində ABŞ-nin irəli sürdüyü müvəqqəti atəşkəs təklifini qəbul etməyib. Nəşr bildirir ki, Pakistan, Türkiyə və Misirdən olan vasitəçilər danışıqları irəli aparmağa çalışsalar da, Tehran bu təklifi rədd edib. Bu arada ABŞ Prezidenti Donald Tramp sosial mediada küfrlü ifadələrlə dolu paylaşım edərək İrandan Hörmüz boğazını bütün gəmilər üçün yenidən açmağı tələb edib və çərşənbə axşamı günü son müddət təyin edib.
İran ordusu ABŞ-nin öz təyyarələrini vurduğunu iddia edib. İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı bəyanat yayaraq bildirib ki, aprelin 5-də ABŞ-nin iki "C-130" hərbi nəqliyyat təyyarəsi və iki "Black Hawk" helikopteri daxil olmaqla bir neçə hava vasitəsi vurulub. Qərargahın sözçüsü albay İbrahim Zülfiqari isə sensasion iddia irəli sürərək ABŞ təyyarələrinin İranın hava müdafiəsi tərəfindən vurulduğunu və ABŞ-nin öz əsgərlərini bombaladığını bildirib. ABŞ tərəfi isə əvvəlcə İran ərazisində vurulmuş F-15 qırıcısının ikinci ekipaj üzvünü gecə əməliyyatı ilə xilas etdiyini açıqlayıb.
İran "illərlə davam edəcək müharibə" üçün hazır olduğunu bəyan edib. İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin nümayəndəsi Ələddin Borucerdi "Al Mayadeen" telekanalına açıqlamasında bildirib ki, regionda silahlı münaqişə bir neçə il uzansa belə, İranın raket və strateji resurs ehtiyatı tükənməyəcək. Bu açıqlama ABŞ-İran gərginliyinin yeni mərhələyə keçdiyi bir vaxtda edilib.
"OPEC+" neft hasilatını artırır. "OPEC+" ölkələri may ayından etibarən neft hasilatını gündəlik 206 min barel artırmaq barədə razılığa gəlib. Qərar Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman arasında keçirilən virtual iclasda qəbul olunub. Bu addım Yaxın Şərqdəki hərbi gərginliyin qlobal enerji bazarlarına təsir etdiyi bir dövrdə atılıb.
Dəməşqdə üçtərəfli görüş keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenski Suriyaya səfəri çərçivəsində Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında görüş keçirib. Zelenskinin "Telegram"da yazdığına görə, görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub. Görüşdə Suriya Prezidenti Əhməd əl-Şəra ilə də danışıqlar aparılıb.
Dağıstanda su anbarının bəndi partlayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Dağıstanda güclü yağışlardan sonra Qejux su anbarının bəndi partlayıb və iki kənd su altında qalıb. Hadisə bölgədəki intensiv yağışların ardınca baş verib və ciddi fəsadlara səbəb olub.