Saat 18:00 - Xəbər İcmalı
İsrailin Livana hücumlarında həlak olanların sayı 1497-yə çatıb. Livan Səhiyyə Nazirliyi açıqlayıb ki, İsrail ordusunun martın 2-dən etibarən ölkənin müxtəlif bölgələrinə yönəltdiyi hücumlar nəticəsində 1497 nəfər həlak olub, 4639 nəfər yaralanıb. Son 24 saat ərzində də itkilərin artmağa davam etdiyi bildirilir.
Qətərin Baş naziri həyati vacib infrastruktura hücumlardan çəkinməyə çağırıb. Qətərin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani ABŞ və İsrailin İrana qarşı əməliyyatı fonunda su təchizatı, ərzaq və enerji obyektlərinə məsuliyyətsiz hücumlardan çəkindirib. O, bu barədə Norveçin Baş naziri ilə görüşündə bəyanat verib. Eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb, tərəflər İrandakı müharibəni və regional gündəmdəki digər məsələləri müzakirə ediblər.
Bakı-Quba yolunu sel basıb. İntensiv yağıntılar nəticəsində Siyəzən və Şabran rayonlarının ərazisində, xüsusilə dağlıq sahələrdə güclü sel axınları formalaşıb. Sel suları Bakı-Quba yolunun bir hissəsini basıb, axınlar Xəzər dənizi istiqamətinə yönəlib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əraziyə texnikalar cəlb edib.
Həkim Azər Maqsudova amnistiya tətbiq olunub. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə amnistiya aktı əsasında cəzadan azad edilib.
Azərbaycanda dövlət şirkətlərinin qeyri-neft ixracı azalıb, nəzarət-kassa dövriyyəsi isə artıb. 2026-cı ilin yanvar-fevral aylarında ölkənin 10 dövlət şirkətinin qeyri-neft ixracı 131,6 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22 faizdən çox azdır. Digər tərəfdən, yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə yanvar-mart aylarında 7 milyard manatı keçib və əvvəlki ilə nisbətən 14,8 faiz artıb.