Saat 14:00 - Xəbər İcmalı
Üçüncü Dünya Müharibəsi riski: ABŞ və İsrailin İrana qarşı bir aydan artıq davam edən hərbi əməliyyatları qlobal münaqişə riskini gündəmə gətirib. Müharibə artıq yalnız İranı deyil, BƏƏ, İraq, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Oman, Azərbaycan və işğal altındakı Qərbi Şeria da daxil olmaqla geniş coğrafiyanı əhatə edir. Mütəxəssislər təhlükənin real olub-olmadığını qiymətləndirirlər.
İranın enerji sektoruna dəyən ziyan açıqlanıb. 28 fevraldan bəri ABŞ və İsrailin hava hücumları nəticəsində İranın enerji sektoruna 250 trilyon rialdan çox, yəni təxminən 191 milyon dollar dəyərində ziyan dəyib. Bu barədə İranın energetika nazirinin müavini və TAVANIR Şirkətinin icra direktoru Mustafa Rəcəbi Məşhədi yerli mediaya açıqlama verib.
Zelenski Yaxın Şərqdəki müharibədən narahatdır. Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və İsrailin İrana qarşı uzanan müharibəsinin Vaşinqtonun Kiyevə dəstəyini zəiflədə biləcəyindən ehtiyat etdiyini bildirib. Zelenski "The Associated Press" agentliyinə açıqlamasında Vaşinqtonun qlobal prioritetlərinin dəyişməsinin Ukrayna üçün ciddi nəticələr doğura biləcəyini vurğulayıb.
İranın xarici işlər naziri Abbas Araçi BMT-yə müraciət edib. Araçi BMT Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının üzvlərinə məktub göndərərək, ABŞ və İsrailin İrandakı dinc nüvə obyektlərinə hücumlarının bütün regionu radioaktiv çirklənmə riski ilə üz-üzə qoyduğu barədə xəbərdarlıq edib.
Badamdarda sürüşmə təhlükəsi yaranıb. Bakının Səbail rayonunun Badamdar qəsəbəsində, 20-ci sahə istiqamətində avtomobil yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi müşahidə olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, vəziyyət qiymətləndirilib və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol hərəkəti üçün bağlanıb.
Samuxda ağır yol qəzası. Samux rayonunda "Opel" markalı minik avtomobili yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Ə.Ələsgərovu vurub. Piyada dərhal xəstəxanaya yerləşdirilsə də, həyatını itirdiyi təsdiqlənib.