Saat 13:00 - Xəbər İcmalı
İsrail ordusu bir sutka ərzində İranda 120-dən çox hədəfə zərbə endirib. İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, İsrail hərbçiləri İranın mərkəzi və qərb bölgələrində 120-dən çox obyektə aviazərbələr endirib. Vurulan hədəflər arasında hava hücumundan müdafiə sistemlərinin elementləri, pilotsuz uçuş aparatlarının istehsal müəssisələri və dronların buraxılış infrastrukturu var. Hücumlar İranın hərbi potensialına yönəlmiş genişmiqyaslı əməliyyatın davamı kimi qiymətləndirilir.
İsfahan vilayətində ABŞ və İsrailə məxsus 2 PUA məhv edilib. İran mediasının məlumatına görə, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-ə məxsus "MQ9" pilotsuz uçuş aparatını, İran ordusu isə İsrailə məxsus "Hermes 900" PUA-sını vurub. Xatırladaq ki, əvvəlki saatlarda da İsfahan səmasında ABŞ-ə məxsus helikopter və nəqliyyat təyyarəsinin vurulması barədə məlumat yayılmışdı.
İranda 30-dan çox universitet bombalanıb, 60 tələbə həlak olub. SNNTV-nin məlumatına görə, fevralın 28-dən başlayan ABŞ və İsrail hücumları nəticəsində İranın 30-dan çox ali təhsil müəssisəsi hədəfə alınıb. Hücumlar zamanı 60 tələbə həyatını itirib. İranın elmi təsisatları hücumlara qarşı hökumətlə həmrəylik ifadə edib.
BƏƏ-də neft-kimya zavodu fəaliyyətini dayandırıb. Əbu-Dabidəki "Borouge" neft-kimya zavodu vurulan hava hədəflərindən düşən qalıqlar nəticəsində baş verən yanğınlara görə istehsalı müvəqqəti dayandırıb. Əbu-Dabinin hakimiyyət orqanları hava hücumundan müdafiə əməliyyatları ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirib. Ayrıca, İraqın cənubundakı Bəzirgan neft sahəsindəki anbarlara da pilotsuz uçuş aparatları ilə hücum edildiyi barədə İraq Neft Nazirliyi məlumat yayıb.
Şəmkirdə 19 yaşlı gəncin qətli ilə bağlı təfərrüatlar açıqlanıb. Məlumata görə, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadənin bacısını sevirmiş. Yeniyetmə gecə saatlarında mərhumu evlərinə çağıraraq hadisəni törədib.
Dövlət qulluğuna qəbul imtahanı keçirilir. Dövlət İmtahan Mərkəzi bu gün - 5 aprel tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə test imtahanı təşkil edib. İmtahanda iştirak üçün 1227 nəfər qeydiyyatdan keçib. Sınaq Bakı və Naxçıvan şəhərlərində iki növbədə keçirilir.