Tramp İranla bağlı sərt bəyanat verib
ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt bəyanat verib. Onun sözlərinə görə, Vaşinqton Tehranla ya razılaşma imzalayacaq, ya da İran məhv ediləcək. Bu açıqlama artıq beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.
Husilər Riyadda hava limanını və neft boru kəmərini hədəf aldıqlarını açıqlayıb
Yəməndəki İran dəstəkli Husi qruplaşması Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı Beynəlxalq Kral Xalid Hava Limanını və Şərq-Qərb Neft Boru Kəmərini hədəf aldıqlarını bəyan edib. Husilərin hərbi sözçüsü Yəhya Səri bu barədə ABŞ mərkəzli X sosial media platformasında məlumat yayıb.
Fransada etirazlar ikinci həftəyə keçib
Fransada yaşayış xərclərinin artması və təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilən kütləvi etirazlara yüz minlərlə insan qatılıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə keçirilən nümayişlərdə 410 min nəfər iştirak edib, minə yaxın şəxs saxlanılıb.
İran səmasında ABŞ-a məxsus PUA vurulub
İran Ordusunun yaydığı məlumata görə, ABŞ-a məxsus "Lucas" tipli pilotsuz uçuş aparatı ölkənin cənubunda, Hörmüzqan vilayətinin Bəndər Abbas rayonu ərazisində vurulub. İran ordusu PUA-nın ölkənin Hərbi Hava Hücumlarından Müdafiə Sistemi ilə məhv edildiyini bildirib. Bu arada ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) İrana qarşı mümkün hücum üçün planının hazır olduğu, lakin bunun 3 noyabrda keçiriləcək Konqres ara seçkilərindən sonra Ağ Evdən təsdiq alınmasından asılı olduğu öne sürülüb.
Rusiya və Ukrayna arasında İHA hücumları davam edir
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov şəhərindəki logistika mərkəzlərini və Çernomorsk limanına hərbi yük daşıyan quru yük gəmisini pilotsuz uçuş aparatları ilə vurduğunu açıqlayıb. Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisinin müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində isə 2 nəfər həlak olub, 18 nəfər yaralanıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları noyabrın 4-dən sonra bərpa etməyə hazırdır.