
Vəhşi heyvan əti yemək zərərlidir? - AÇIQLAMA

Bakıda ayı, dovşan və maral ətindən hazırlanmış məhsulların satışı aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Nərimanov rayonundakı mağazalardan birində aparılan plandankənar yoxlama zamanı bu cür konservləri müəyyən ediblər.
Bəs həmin heyvan məhsullarının sağlamlığa hansı zərərləri ola bilər?
Bununla bağlı qida məsələləri üzrə ekspert İlkin Şirinov Metbuat.az-a açıqlama verib.
O bildirib ki, qış aylarında ov ətləri ilə bağlı danışarkən əsasən qaşqaldaq, ördək və digər sularda yaşayan, əti yeyilə bilən quşlar nəzərdə tutulur. Lakin bəzən ayı, maral, çöl donuzu və digər vəhşi heyvanların əti də müzakirə mövzusu olur. Bu cür ətlərin yeyilməsi və onların sağlamlığa faydalı olub-olmaması məsələsinə gəldikdə, ilk növbədə onların bişirilmə qaydalarına xüsusi diqqət yetirilməlidir:
“Bu ətlər, xüsusilə maral, ayı, dağ keçisi və digər vəhşi heyvanların əti daha çox əzələyə malik olduğundan bərk və çətin bişən ətlər sayılır. Buna görə də onların yumşaldılması üçün xüsusi üsullardan istifadə edilməli, uyğun qaydalar tətbiq olunmalıdır. Məsələnin digər tərəfi isə sağlamlıq aspektidir. Nəzarətsiz ov ətlərinin gətirilməsi, bişirilməsi, həkim və ya baytar nəzarəti olmadan restoran və kafelərdə insanlara təqdim edilməsi ciddi risklər yaradır. Çünki bu cür ətlərin tərkibində xəstəlik daşıyıcıları, viruslar və müxtəlif mikroorqanizmlər ola bilər. Xüsusilə, allergiyası, şəkər xəstəliyi və digər sağlamlıq problemləri olan insanlar üçün bu ətlərin istifadəsi ciddi fəsadlara səbəb ola bilər. Buna görə də baytar nəzarətindən keçməyən və mənşəyi bilinməyən bu cür ətlərin satışını və istifadəsini məqsədəuyğun hesab etmirəm”.
Mütəxəssis mağazalarımızda qoyun, quzu, keçi, mal, toyuq, qaz, ördək və digər quş ətlərinin satışda olduğu halda qeyri-leqal ov ətlərinə ehtiyac duyulmasından da bəhs edib:
“Azərbaycan təbiəti zəngin və müxtəlifdir, lakin Qırmızı Kitaba düşmüş heyvanların və quşların ovlanması yalnız bir tikə ət üçün onların məhv edilməsinə dəyərmi? Mən düşünürəm ki, bu, tamamilə qəbuledilməz və arzuolunmazdır. Bundan əlavə, bəzi işbazlar pul qazanmaq məqsədilə təbiətə ciddi ziyan vurur, nadir heyvanların ovlanmasına səbəb olur və insanları restoranlarına cəlb etmək üçün xüsusi yeməklər təklif edirlər. Belə hallara qarşı ciddi nəzarət və cərimələr tətbiq olunmalıdır. İlk növbədə, bu cür ətləri təqdim edən şəxslərdən onların mənbəyinin haradan olduğunu izah etmələri tələb edilməli, əgər qanunsuz yollarla əldə olunubsa, ciddi hüquqi tədbirlər görülməlidir. Ümumilikdə, bu məsələ həm insan sağlamlığı, həm də təbiətin qorunması baxımından çox vacibdir və ona ciddi yanaşmaq lazımdır”.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Azərbaycanda ovçuluq müvəqqəti dayandırıldı
Son Xeberler

Zoomağazada yanğın: 500-dən çox heyvan öldü
Bugun.az

Məşhur müğənni çılpaq yemək yeyir
Xəbər Anı

Azərbaycanda hansı vəhşi heyvan və quşlar ovlana b...
Son Xeberler

Bu xəstəlik sürətlə yayılır - Xəbərdarlıq edildi
Son Xeberler

Florida-da Milton Qasırğasından Sonra Evlərə Timsa...
Son Xeberler